Bu gün “Beynəlxalq fərdi məlumatların mühafizəsi günü”dür

28 Yanvar 2020 - 08:56 | Mühüm hadisələr
Bu gün “Beynəlxalq fərdi məlumatların mühafizəsi günü”dür

Bu gün dünya ölkələrində “Beynəlxalq fərdi məlumatların mühafizəsi günü” qeyd olunur. Bu bayram İnternet istifadəçilərinin virtual və real həyatlarının təhlükəsizliyini təmin edən davranış qaydalarına riayət etməkləri məqsədi ilə təsis edilib. Bəzi ölkələrdə bu tarix Məxfilik Günü adlanır.

Fərdi məlumatların mühafizəsi gününü qeyd etmək qərarı 26 aprel 2006-cı ildə Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən qəbul edilib.

Məhz bu gün - 28 yanvar 1981-ci ildə Avropa Şurası “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiya imzalayıb. Konvensiya şəxsi məlumatların qorunması sahəsində insan hüquqlarının müdafiəsi mexanizmlərini müəyyənləşdirən və fərdi məlumatlar anlayışının tərifini verən ilk məcburi beynəlxalq sənəddir.

Xatırladaq ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda 29 noyabr 2019-cu il tarixində keçirilən “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi və qorunması problemlərinə həsr olunub. Konfransda fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlər müzakirə olunub. İnstitutda müntəzəm olaraq fərdi məlumatların mühafizəsi məsələlərinə dair tədqiqatlar aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.