Tibbi personalı əvəz edən robotlar fəaliyyətə başlayıb

28 Yanvar 2020 - 11:58 | Texnoloji yeniliklər
Tibbi personalı əvəz edən robotlar fəaliyyətə başlayıb

Robot viruslara yoluxmuş şəxslərdən tibb işçilərini qorumağa xidmət edir.

ABŞ-da təcridxanada saxlanılan 30 yaşlı xəstənin müayinəsi ilə robot məşğul olur. Tibbi robotun yaradılmasında məqsəd virusun yayılma imkanlarını məhdudlaşdıraraq tibbi personalı qorumaqdan ibarətdir.

Stetoskopla təchiz edilmiş robot pasientin arterial təzyiqi, bədən temperaturu və s. məlumatlarını ekran vasitəsi ilə digər otaqda gözləyən mütəxəssis həkimlərə ötürür.

Otaqdakı tibb işçiləri robotu hərəkətə gətirirlər ki, xəstəni ekranda görmək və onunla danışmaq mümkün olsun, - deyə Vaşinqtonun Everett şəhərindəki “Providence” regional tibb mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin müdiri, həkim Corc Dias qeyd edib.

Bununla yanaşı, “İnterfax” informasiya agentliyinin məlumatına görə, Çinin Hançjou şəhərində yaranan xəstəliklər səbəbindən təcrid olunmuş otellərdən birinin qonaqlarına da robotlar xidmət göstərir. Onlar qonaqlara yemək çatdırmaqla məşğul olurlar. Ağ və qara rəngdə olan robotlar yemək paketlərini müştərilərin otaqlarının qapısına qədər aparırlar.

İşçiləri əvəz edən robotlar haqqında müxtəlif fikirlər formalaşsa da, onların fəaliyyəti həkimlərin və otel işçilərinin viruslara yoluxma riskini azaltdığı üçün olduqca əhəmiyyətli hesab olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.