Rusiya, İtaliya və Amerika alimləri Marsdakı robotları uzaqdan idarə etmək üçün Fobosda uzunmüddətli yaşayış bazası yaratmağı təklif edirlər.
“Belə bazanın yaradılması Marsın dərindən öyrənilməsi və planetdə infrastrukturun idarə olunmasını gələcəkdə birbaşa Marsın səthindən deyil, Fobosdakı yaşayış bazasından həyata keçirilməsinə şərait yaradacaq”, - deyə N.E.Bauman adına Moskva Dövlət Texniki, Hyuston universitetlərinin və Moskva Memarlıq İnstitutunun alimlərindən ibarət mütəxəssislər qrupu bildirib.
Fobosdakı bazanın əsas üstünlüklərinə onun Marsdakı baza ilə müqayisədə ucuz olması, real vaxt rejimində Marsın səthində rahat tele-robot idarəetmə imkanına malik olması, siqnal gecikməsinin yalnız 0.02-0.03 saniyə təşkil etməsi daxildir.
Mütəxəssislər baza yaratmaq üçün xüsusi texnologiya - yüksək sürətlə eniş edərkən səthə təsir edən və yerə basdırılan lövbər dayaqlarının quraşdırılmasını təklif ediblər. Onların fikrincə, daha sonra robotlar bazaya çatdırılmalı, hərəkət üçün dayaqlar arasında iplər çəkilməli və nəqliyyat əməliyyatları, kosmik gəmilərin enməsi, həmçinin baza modullarının yerləşdirilməsi üçün çuxurlar qazılmalıdır.
Bəzi alimlər qeyd edirlər ki, həddindən artıq zəif torpaqda belə hər hansı qazıntı işi aparmaq üçün robotun bir və ya daha çox baza modulundan istifadə etməsi ehtimal olunan çoxtonlu ballast lazımdır.
RİA Novosti agentliyinin məlumatına görə, yaşayış məntəqəsinin ilkin heyəti bir modulda yerləşdiriləcək altı nəfərdən ibarət olacaq. Bu modulda yataq, mətbəx, gigiyena və məşq yerləri, təmir emalatxanası və robotlara nəzarət etmək üçün avadanlıqlar olacaq.
Gələcəkdə bazanın istehlak materiallarının qismən çoxaldılması məqsədi ilə tibbi-bioloji sınaqlar üçün istixanayla və avadanlıqla, həmçinin ekipaj heyətinə daha rahat şərait yaratmaq üçün modul ilə təchiz edilməsi nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.