Son on il ərzində süni intellekt sahəsində yeni nailiyyətlər əldə edilib. Buna baxmayaraq, hazırda mütəxəssislər texnologiyanın imkanlarının yenidən qiymətləndirilməsinin və yeni mərhələyə qədəm qoymasının zəruri olduğunu düşünürlər.
Bəzi tədqiqatçılar süni intellektin yeni mərhələsini “Süni intellektin qış mərhələsi” adlandırır. Digər tədqiqat qrupu isə qarşıda daha çox irəliləyişlərin olduğunu nəzərə alaraq, bu adlandırma ilə razılaşmır.
“Microsoft” Araşdırma şirkətinin baş tədqiqatçısı Katya Hoffman süni intellektin yeni bir mərhələyə keçdiyini hiss etdiyini bildirib. Şeffild Universitetinin süni intellekt və robot texnikası üzrə professoru Noel Şarki “Payızın süni intellekti” termininin bu mərhələyə daha çox uyğun gəldiyini qeyd edib.
2010-cu illərin əvvəllərində, süni intellekt sahəsindəki dünya liderlərindən biri “DeepMind”,“süni ümumi zəka” terminini istifadə edib.
2014-cü ildə Oksford Universitetinin filosofu Nik Bostrom “Super-intellekt” kitabı ilə maşınların möhkəm idarə olunduğu dünyanı proqnozlaşdırdığını diqqətə çatdırıb. Lakin zamanla bu proqnoz özünü doğrultmayıb. Onun fikrincə, hətta 2019-cu ilin sonunda ən ağıllı kompüterlər də əvvəlki kimi yalnız “dar” məsələlərin həllində fərqlənə bilib.
Nyu-York Universitetinin süni intellekt üzrə tədqiqatçısı Hari Markus isə diqqətə çatdırıb ki, onilliyin sonuna qədər mövcud metodların hələ də bizi daşıya biləcəyinə dair anlayış olub. İndi isə sənayenin davam etməsi üçün “əsl” yeniliyə ehtiyacı var.
Adının açıqlanmasını istəməyən süni intellekt tədqiqatçılarından biri bu sahəyə şübhə ilə yanaşdığımız bir dövrə girdiyimizi söyləyərək bildirib ki, süni intellektin ictimaiyyət tərəfindən qavranılması zamanla daha da qəlizləşir və ictimaiyyət getdikcə onun dəhşətli texnologiya olduğuna daha çox inanır.
“Cəmiyyət çoxsaylı kəşflər etdikcə yeni və mürəkkəb problemlər ortaya çıxır”, - deyə “DeepMind”ın tədqiqatlar üzrə vitse-prezidenti Koray Kavukkuoğlu bildirib. O, qeyd edib ki, “süni intellekt uzunmüddətli elmi səyahətdir. İnanırıq ki, süni intellekt indiyə qədər yaradılan ən güclü texnologiyalardan biri olacaq - minlərlə problemin həllini açacaq. Növbəti onillikdə bu potensialın reallaşmasına kömək etmək üçün süni intellekt sistemlərinin imkanlarını ümumiləşdirmək üçün yenilənmiş səylər göstəriləcək”.
bbc.com saytının məlumatına görə, son on il ərzində bu sahə çox uzun bir yol keçib, ancaq “süni intellekt” maşınları həqiqətən “ağıllı” etmək üçün hələ də elmi və texnoloji tərəqqidən uzaqdadır. Ən böyük problemlərdən biri məlumat baxımından daha səmərəli və problemin uğurla həll edilməsi üçün lazım olan emal gücünün inkişaf etdirilməsindədir. Mütəxəssislər vurğulayıblar ki, bu sahədə məlumatları genişləndirərək təsirli addımlar atılıb, lakin hesablamalar hər problem üçün uyğun və miqyaslı deyil. Onlar daha daha az məlumatla daha yaxşı işləməyin və daha çox ümumiləşdirmənin lazım olduğunu qeyd ediblər.
Mütəxəssislər son onillikdə “süni intellekt” termininin uğursuz sözə çevrildiyini və şirkətlər tərəfindən marketinq məqsədilə istifadə olunduğunu bildirirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.