“Bu gün Azərbaycanda gənc alimlər üçün prioritet istiqamətlər energetika, İKT, biotexnologiya, tibb sahəsi ola bilər”. Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə söyləyib.
Hazırda gənc alimlərin elmi iş aparmaq üçün imkanlarının daha da genişləndiyini qeyd edən A.Əlizadə bildirib ki, son 2-3 il ərzində AMEA institutları, elmi təşkilatları və digər təhsil müəssisələrində sovet dövrünə aid qurğular yeniləri ilə əvəz edilib.
“Bu isə gənc alim üçün yaradılan əsas imkandır” – deyən akademikin sözlərinə görə, AMEA gənc alimlər üçün tez-tez müxtəlif həvəsləndirici layihələr həyata keçirir: “Eyni zamanda, Azərbaycanda impakt faktorlu elmi jurnallarda çox sayda məqalələr çap etdirən gənc alimlərə xüsusi mükafatların verilməsi nəzərdə tutulur. Bu məqsədlə AMEA büdcə vəsaiti hesabına müsabiqə elan etməyi planlaşdırır. Biz müsabiqələr elan edirik ki, gənc alimlər üçün stimul yaransın”.