Las-Veqasda keçirilən, elektronika sahəsində genişmiqyaslı tədbirlərdən biri olan, bu il çox sayda maraqlı açıqlamalarla müşayiət olunan “CES 2020” texnologiya sərgisi bu gün öz işini yekunlaşdırır.
Sərgidə yaşlı insanların həyatını asanlandırmaq üçün hazırlanan qadcetlər də nümayiş olunub. Bu, xüsusilə tibbi monitorinq üçün hazırlanmış bir sıra yeni məhsullar, qiymətli tibbi informasiyanı toplamağa kömək edən portativ qurğulardır. Həmin cihazlarda məlumatlar təhlil edildiyi serverə göndərilir və problem aşkar olduqda qadcet sahibi xüsusi bildiriş alır.
“CarePredict” şirkəti yaşlılar üçün xüsusi hazırlanmış “ağıllı” saatları təqdim edib. “CarePredict” jestləri tanımaqla yanaşı potensial sağlamlıq problemləri barədə xəbərdarlıq etmək imkanına malikdir.
Bundan əlavə, “Z-Works” şirkəti “Origin Wireless” sistemi ilə birlikdə Wi-Fi siqnalından istifadə edərək insanı izləmək üçün istifadə olunan innovativ “Z-wave” protokolunu nümayiş etdirib. Yıxılan və ya evin ətrafında hərəkət edən yaşlı insanı bu qurğu sayəsində izləmək mümkündür.
planet-today.ru saytının məlumatına görə, Tayvanın Sənaye Texnologiyaları Tədqiqat İnstitutunun (Industrial Technology Research Institute) əməkdaşları “CES 2020”də yaşlılar üçün yaradılan xüsusi əyləncəli robot da təqdim ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.