Şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi problemləri araşdırılır

17 Oktyabr 2014 - 09:27 | Konfranslar, İclaslar
Şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi problemləri araşdırılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova rəhbərlik etdiyi mərkəzin 9 aylıq hesabatını təqdim etdi.

O, ilk öncə 2014-ci ilin fəaliyyət planına uyğun olaraq elmi-tədqiqat işlərindən danışdı. Şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi istiqamətində aparılan araşdırmanın nəticələri haqqında məlumat verərək, çoxkriteriyalı qərar qəbuletmə metodlarından istifadə etməklə informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün yeni qeyri-səlis hibrid model təklif edildiyini qeyd etdi. Eyni zamanda virtual mühitdə təhsilin monitorinqi və qiymətləndirilməsi, uşaq və yeniyetmələrin İnternetin zərərli təsirlərindən qorunması problemləri ilə bağlı araşdırmalar aparıldığını və nəticələr əsasında icmal hazırlandığını diqqətə çatdırdı.

Tədris-İnnovasiya Mərkəzində respublika üzrə doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və doktorluq imtahanının qəbulu işinin təşkili ilə bağlı məlumat verən Rəsmiyyə Mahmudova cari ilin 9 ayı ərzində 1232 nəfərdən imtahan qəbul edildiyini bildirdi. Bölgələrdə yaşayanlar üçün distant tədrisin təşkilindən də söz açaraq, yaz semestrində Naxçıvan Muxtar Respublikasında yaşayan doktorant və dissertantlara məsafədən dərslərin tədris edildiyini, cari ayın sonlarından başlayaraq Gəncə bölgəsində yerləşən elmi müəssisələrin doktorant və dissertantlarına da distant dərslərin keçiləcəyini qeyd etdi.

R.Mahmudova müəssisə və təşkilatların, eləcə də vətəndaşların müraciətləri əsasında müxtəlif kompüter proqramları üzrə təşkil edilmiş kurslar barədə də məlumat verdi. 

Tədris-İnnovasiya Mərkəzinin nəzdində yaradılmış Viki-Mərkəzin fəaliyyəti haqqında hesabat verən mərkəzin rəhbəri qeyd etdi ki, ilin birinci yarısında AMEA-nın institut və təşkilatlarının əməkdaşları üçün “Vikipediyanın nəzəri və praktiki əsasları” kursu təşkil edilmiş və onların bilikləri yoxlanılaraq sertifikatlaşdırılmışdır. Bu kurslar hazırda da davam etdirilir.

Fəaliyyət planında müxtəlif təyinatlı nəşrlərin hazırlanması bəndində nəzərdə tutlmuş işlər haqqında danışan məruzəçi, 2003-2013-cü illər ərzində Tədris-İnnovasiya Mərkəzində imtahan vermiş doktorant və dissertantların anket məlumatları əsasında “Elmi kadr hazırlığı (monitorinq)” adlı analitik məcmuənin hazırlandığını vurğuladı.

Məruzəçi, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak, nüfuzlu elmi jurnallarda məqalələrin nəşri və elmi-təşkilati fəaliyyət ilə bağlı görülmüş işləri də diqqətə çatdırdı.

Hesabat ətrafında müzakirələr aparıldı, rəy və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.