Xəbər verdiyimiz kimi, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yüksək Sürətli Hesablama Mərkəzinin (High Performance Computing - HPC) açılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən akademik ilk öncə, AMEA-nın rəhbərliyi adından universitet kollektivini, professor-müəllim heyətini, tələbələri bu əlamətdar hadisə münasibətilə təbrik edib.
R.Əliquliyev “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2018-ci il tarixli və “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 03 iyun 2019-cu il tarixli fərmanlarından irəli gələn vəzifələri vurğulayıb. O, qeyd edib ki, bu gün ali təhsil sistemində özünəməxsus yeri olan ADNSU-da High Performance Computing Mərkəzinin yaradılması çox əhəmiyyətlidir.
Alim AzScienceNet Data Mərkəzində göstərilən xidmətlərdən bəhs edərək burada hesablama və yaddaş resurslarından mürəkkəb məsələlərin emalı və yadda saxlanmasına xidmət edən yüksək surətli hesablama sistemlərinin imkanlarını diqqətə çatdırdı. R.Əliquliyev AzScienceNet-in 2016-cı ildən Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasına (GEANT) qoşularaq Azərbaycanı bu qurumda təmsil etdiyini xatırlatdı.
AMEA-nın vitse-prezidenti GEANT-ın Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən EaPConnect (Eastern Partnership Connect) layihəsinin əhəmiyyətindən də danışdı.
“XXI əsrin yerüstü sərvəti – yerüstü nefti” verilən məlumatlardır”, – deyə vurğulayan AMEA-nın vitse-prezidenti, bu səbəbdən Big Data analitikası və verilənlərin intellektual analizi texnologiyaları, informasiya təhlükəsizliyi, kiberfiziki sistemlərin tədqiqi, bulud texnologiyaları, elektron dövlət, proqram mühəndisliyinin elmi-nəzəri problemləri, süni intellekt və sosioinformasiya texnologiyaları, elektron təhsilin elmi-nəzəri problemləri və digər prioritet istiqamətlərdə araşdırmaların aparılmasına ehtiyac duyulduğunu diqqətə çatdırdı.
Həmçinin superkompüter texnologiyalarına məxsus olan ölkələrin əldə etdikləri uğurların əhəmiyyətindən danışan R.Əliquliyev, superkompüter texnologiyaları üzrə ixtisaslı kadrların hazırlanmasının ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyindən söz açdı. O, elektron hökumətin ayrı-ayrı elektron sosial institutlarında, Əşyaların interneti və kiberfiziki sistemlərdə, ekologiyada, seysmologiyada, eləcə də digər sahələrdə toplanan materialların, verilənlərin emalının vacibliyinə diqqəti çəkdi.
Sonra akademik Rasim Əliquliyev AMEA İnformasiya Texnologiyaları İnstitutunda artıq 2000-ci illərin əvvəllərindən superkompüter texnologiyaları sahəsində elmi tədqiqatların aparıldığını, bu sahədə yüksək ixtisaslı elmi kadrların hazırlandığını xatırlatdı. HPC Mərkəzinin AzScienceNet elm-kompüter şəbəkəsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Data Mərkəzi ilə birgə əməkdaşlığının və superkompüter texnologiyaları sahəsində aparılan elmi tədqiqatlara qoşulmağın, müasir dünya elminin çağırışlarına cavab verməyin, müvafiq qurumlarla birlikdə elmi seminarların, konfransların və digər tədbirlərin keçirilməsinin, yüksəkixtisaslı kadr hazırlığının aparılmasının vacibliyini vurğuladı.
Sonra akademik Rasim Əliquliyevə öz minnətdarlığını bildirən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, rəhbərlik etdiyi universitetdə fəaliyyətə başlayan HPC Mərkəzinin İnformasiya Texnologiyaları İnstitutunun və AzScienceNet şəbəkəsinin dəstəyi ilə gələcəkdə yeni uğurlar əldə edəcəyindən əmin olduğunu vurğuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.