Deep learning metodlarının kriptovalyuta verilənlərinə tətbiqi məsələləri müzakirə olunub

20 Dekabr 2019 - 13:07 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbəsinin növbəti elmi seminarı keçirilib. Seminarda institutun magistrantı Firəngiz Sadiyeva “Deep learning metodlarının kriptovalyuta verilənlərinə tətbiqi haqqında” mövzusunda məruzəni təqdim edib. O, kriptovalyuta verilənlərinin tərkibi və bu verilənlərin intellektual analizi üzrə müxtəlif məsələləri diqqətə çatdırıb.

Məruzəçi qeyd edib ki, hazırda kriptovalyuta bazarının ümumi həcminin yüz milyard dollarla ölçülməsinə baxmayaraq, bu yeni maliyyə alətlərinin elmi-tədqiqatları hələlik başlanğıc mərhələdədir. Onun sözlərinə görə, kriptovalyutaların qiymətlərinin proqnozlaşdırılması və modelləşdirilməsi yeni formalaşmaqda olan vacib tədqiqat istiqamətlərindən biridir. Bu məsələ istifadəçilərin əksəriyyətini maraqlandırdığı üçün aktual hesab olunur.

F.Sadiyeva kriptovalyutaların ənənəvi valyutalar ilə gündəlik qiymətlərinin proqnozlaşdırılması üçün dərin təlim metodlarının tətbiqi barəsində məlumat verib. Eksperimentlər üçün açıq mənbələrdən götürülmüş kriptovalyuta verilənlərinə müxtəlif misallar göstərməklə dərin rekurrent neyron şəbəkələrinin və onun növləri olan LSTM (Long Short-Term Memory) və GRU (Gated Recurrent Units) modellərinin öyrənmə parametrlərini və Bitkoin qiymətlərinin proqnozlaşdırılması üzrə eksperimentlərin nəticələrini təqdim edib.

O, gələcək tədqiqatlarında təkcə Bitkoinin deyil, digər kriptovalyutaların gündəlik qiymətini proqnozlaşdırmaq üçün ARİMA, GRU və ResNet modellərinin tətbiqini və onların üzərində müxtəlif hiperparametrlərlə eksperimentlər aparılacağını vurğulayıb. 

Daha sonra şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev magistrant Firəngiz Sadiyevanın mövzu üzrə apardığı elmi tədqiqat işi barədə bir sıra tövsiyə və təkliflərini diqqətə çatdırıb.  

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.