İnstitutun şöbə müdiri GEANT Baş Assambleyasının toplantısında iştirak edib

13 Dekabr 2019 - 16:16 | Konfranslar, İclaslar
İnstitutun şöbə müdiri GEANT Baş Assambleyasının toplantısında iştirak edib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev GEANT (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası, Gigabit European Advanced Network Technology) Assosiasiyasının Baş Assambleyasının toplantısında iştirak edib. Görüş EaPConnect layihəsinə qoşulan Şərq tərəfdaşlığı ölkələrinin  layihə icraçılarının iştirakı ilə baş tutub.

B.Nəbiyev GEANT Assosiasiyasının Baş Assambleyası üzvlərindən Marko Banak ilə keçirilən ikitərəfli görüşdə GEANT üzvlük haqqının yeni hesablanma mexanizmlərini müzakirə edib. Gələcəkdə bu mexanizmlərin GEANT-ın digər beynəlxalq layihələrinə tətbiq olunması məqsədəuyğun hesab edilib. 

O, həmçinin, GEANT-ın Şura üzvü Raymundus Tuminauskas, Beynəlxalq layihələr üzrə meneceri Veronika Di Luna, “Marketinq və Kommunikasiya üzrə Xüsusi Maraq Qrupu”nun koordinatoru Laura Durnford və tədqiqatlar üzrə məsul şəxs Kris Atherton ilə “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” (5th Eastern Partnership E-infrastructures Conference, EaPEC 2020) ilə bağlı ikitərəfli və çoxtərəfli görüşlər keçirib, müzakirələr aparıb.

Səfər çərçivəsində Türkiyənin Tədqiqat şəbəkəsi və İnformasiya Mərkəzinin direktoru, Baş Assambleyanın üzvü Murat Satoğlu ilə də geniş müzakirələr aparılıb, qardaş ölkə ilə gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Qeyd edək ki, qəbul edilmiş qaydalara əsasən, il ərzində ən az iki dəfə GEANT-ın Baş Assambleyana üzv ölkələrin nümayəndələrinin görüşü keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.