“Ağıllı” kontakt linza sınaqdan keçirilib

13 Dekabr 2019 - 17:09 | Texnoloji yeniliklər
“Ağıllı” kontakt linza sınaqdan keçirilib

Koreyalı mütəxəssislər işıq diodu ilə təchiz olunmuş, ionlaşdırıcı sayəsində avtonom işləyən, simsiz metodla enerji ilə doldurulan kontakt linza hazırlayıblar. O, maneken, dovşan və insan üzərində müvəffəqiyyətlə sınaqdan keçirilib. Hazırlanmış konstruksiyanı müxtəlif sensorlara malik “ağıllı” linzaların yaradılması üçün istifadə etmək mümkündür.

Məlumdur ki, qandakı maddələrin səviyyəsi göz yaşı ilə eyni olur. Bu səbəbdən alimlər uzun müddətdir ki, göz yaşının analizi vasitəsilə qeyri-invaziv yolla qanda qlükozanın səviyyəsini ölçən sistemlər üzərində işləyirlər.

Məsələn, 2014-cü ildə “Google” qlükoza sensoruna malik “ağıllı” kontakt linzanı təqdim edib. O, diabet xəstəliyindən əziyyət çəkən pasiyentlərə qan analizi üçün barmağı deşməyə ehtiyac olmadan öz vəziyyətini izləməyə kömək edir. Lakin indiyədək heç bir şirkət bu kimi linzaları istehsal etmir, çünki alimlər “ağıllı” linzaların hazırlanması zamanı bir çox texnoloji maneələrlə rastlaşırlar.

nanonewsnet.ru saytının məlumatına görə, ötən il koreyalı mühəndislər “ağıllı” linzaların təkmilləşdirilmiş prototiplərindən birini yaradıblar. Onlar linzada qlükoza sensoru, göz yaşında maddələrin səviyyəsini göstərən işıq diodu və simsiz qidalanma üçün antennanı birləşdirməyə nail olublar. Lakin təcrübədə belə konstruksiyaya malik linzadan istifadə etmək mümkün deyil, çünki simsiz qidalanma üçün kontur ondan təxminən 1 sm məsafədə yerləşməlidir.

Hazırda Yonse Universitetinin alimləri “ağıllı” kontakt linzanı qida mənbəyi olmadan işləməsi üçün ionlaşdırıcı ilə təchiz etməklə, onun yeni versiyasını yaradıblar. Onlar qurğunun təkmilləşdirilməsi üzərində çalışırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.