Alimlər avtomobillərin yaxınlaşması barədə sahibini xəbərdar edən “ağıllı” qulaqlıqlar hazırlayıblar. Kolumbiya Universitetinin tədqiqatçıları hesab edirlər ki, cihaz piyadalar arasında bədbəxt hadisələrin sayını azaldacaq.
Qəzaların qarşısını almaq üçün “ağıllı” qulaqlıqlar artıq mövcud olsa da, onlar hazırkı formada təsirsizdir. Mikrofonun köməyi ilə bu kimi qurğular yaxınlaşan avtomobilin səsinə oxşar səsləri duyur və musiqini azaldırlar.
hightech.fm saytının məlumatına əsasən, tədqiqatçılar bu problemi həll etmək üçün yeni üsul aşkar ediblər. Şimali Karolina Universiteti, Barnard Nyu-York kolleci və Kaliforniya Universitetinin alimləri həmkarları ilə birlikdə avtomobilin səsini bütün səs-küydən ayıran, istifadəçiyə yalnız təhlükə olduqda xəbərdarlıq edən süni intellektli qulaqlıqlar hazırlayıblar.
Qulaqlıqlar istifadəçi tərəfindən bütün istiqamətlərdə səsləri yığan mikrofonlarla təchiz edilib. Smartfondakı tətbiq vasitəsilə mikrofonlardan gələn məlumatlar bulud anbarına ötürülür, burada neyroşəbəkə səsi yaxınlaşan nəqliyyat vasitələrinin səsləri ilə uyğunluğunu analiz edir.
Alqoritm yaxınlaşan nəqliyyat vasitəsinin səsini aşkar etməyə müvəffəq olursa, xüsusi hazırlanmış siqnalın köməyi ilə istifadəçiyə xəbər verir.
Hazırda “ağıllı” qulaqlıqlar laboratoriyada və Nyu-York küçələrində sınaqdan keçirilir. Yeniliyin müəllifləri cihazın gələcəkdə satışa çıxarılacağını və piyadalar arasında ölüm hallarının azalacağınıgüman edirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.