Hava taksiləri ekologiyanın qorunmasına xidmət edəcək

09 Dekabr 2019 - 14:22 | Texnoloji yeniliklər
Hava taksiləri ekologiyanın qorunmasına xidmət edəcək

Bir neçə gün öncə Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilən “Slush Helsinki 2019” beynəlxalq konfransında “Lilium” şirkətinin ticarət işləri üzrə direktoru Remo Gerber təmsil etsiyi müəssisənin uçan taksiləri haqqında danışıb. O, bu ilin yaz aylarında adıçəkilən taksilərin ilk sınaq uçuşunun keçirildiyini xatırladıb.

Doktor Gerberin sözlərinə görə, avtomobillər və qatarlarla müqayisədə uçan taksilər sərnişinlərin rahatlığını təmin edəcək. Bu taksilər, həmçinin, uzun məsafələrə səyahət zamanı vaxta və pula qənaət edəcək.

Hava taksisinin əsas üstünlüyü ekologiyanın qorunmasına kömək etməsi olacaq. Həmçinin, cihaz şəhər sakinlərini narahat edən səs-küy də yaratmayacaq.

Mütəxəssislərin fikrincə, cihaz pilot da daxil olmaqla beş nəfər qəbul edir və bir batareya yüklənməsində 290 km/saat sürətlə təxminən 300 kilometrə qədər uçuş edə bilir. Qanad və mühərrikin dizaynı elektrik istehlakını azaltmaq üçün hazırlanıb. Enmə meydançaları çoxmərtəbəli binaların damında və ya ictimai dayanacaqlarda tikilir.

computerra.ru saytının məlumatına görə, yaxın gələcəkdə böyük şəhərlərdə xərcləri azaltmaq üçün mövcud infrastrukturdan istifadə ediləcək və şəhər sakinləri arasında uçan taksiyə tələbat xeyli artacaq. Şəhərlərdə uçan taksilərdən istifadənin tam olaraq 2025-ci ildə tətbiq edilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.