AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları “Neft hasilatının proqnozlaşdırılması üçün Deep Learning metodunun işlənməsi” (Development of Oil Production Forecasting Method based on Deep Learning, DOI: 10.19139/soic-2310-5070-651) adlı məqalə ABŞ-ın “International Academic Press” nəşriyyatında dərc olunan “Statistics, Optimization & Information Computing” jurnalında çap olunub.
İşin əsas məqsədi neft quyularının aylıq debit verilənləri əsasında neft hasilatını yüksək dəqiqliklə proqnozlaşdıra bilən Deep Learning metodunun işlənməsidir. Neft hasilatı üzrə zaman sıralarının proqnozlaşdırılması üçün CNN (Convolutional Neural Network) və LSTM (Long Short-Term Memory) dərin neyron şəbəkə arxitekturalarının birləşdirilməsi əsasında iyerarxik arxitekturalı CNN-LSTM hibrid modeli təklif olunub. Təklif edilmiş modelin effektivliyinin qiymətləndirilməsi elmi tədqiqatlar üçün açıq, yeddi neft mədənindən beş il müddətində toplanmış QRI (Quantum Reservoir Impact) verilənlər bazası üzərində test edilib.
Məqalə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən “NG-AI4Oil: Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi” qrant layihəsi çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanıb.
Qeyd edək ki, “Statistics, Optimization & Information Computing” jurnalı “Scopus” (Elsevier), “Crossref”, “Google Scholar”, “DOAJ”, “Mathematical Reviews”, “MathSciNet”, “JournalTOCs” və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.