“Alexa” emosiyaları ötürməyi öyrənib

28 Noyabr 2019 - 09:27 | Texnoloji yeniliklər
“Alexa” emosiyaları ötürməyi öyrənib

“Amazon” şirkəti “Alexa” səs köməkçisini yeniləyib. Artıq qurğu istifadəçiyə sevincli və ya məyus səslə cavab verə bilər. Məsələn, virtual assistent təəssüflə istifadəçinin sevimli futbol komandasının uduzması haqqında məlumat verəcək. “Alexa” emosiyaların intensivliyinin üç dərəcəsini müstəqil seçə bilər.

Şirkətin mütəxəssisləri bildiriblər ki, “Alexa” artıq robot kimi səslənməyəcək. Virtual assistentlə istifadəçinin qarşılıqlı əlaqəsini daha təbii etməyə çalışaraq, “Amazon” qurğuya həyacanlı və ya məyus səs tonu ilə cavab verməyi öyrədib. Funksiya hələ ki, yalnız ABŞ-da olan istifadəçilər üçün əlçatandır.

hightech.fm saytının məlumatına görə, “Alexa”nın emosiyaları ötürmək qabiliyyəti “Amazons Neural Text-to-Speech” texnologiyasına əsaslanır. İlkin sınaqlara əsasən, istifadəçilərin və assistentin ünsiyyəti 30 faiz yaxşılaşıb. Mütəxəssislər hesab edirlər ki, bu, ilk növbədə, dialoqun indi daha az monoton səslənməsi ilə bağlıdır.

“Amazon”, həmçinin “Alexa”ya ABŞ-da xəbər və musiqili kontent üçün uyğun olan danışıq stilini seçmək imkanı verib. Bu o deməkdir ki, qurğu xəbər aparıcısı və ya radiostansiya diceyini təqlid etmək üçün səsini dəyişdirə bilər.

Daha əvvəl məlumat verilmişdi ki, ABŞ-ın Florida ştatında yerləşən Hallandeyl Biç şəhər polisi “Amazon Echo” qurğusunun qeydə aldığı qətl hadisəsini araşdırır. O, cütlüyün mübahisəsini və qətl anını yazıb. Polis faydalı informasiya ehtiva edəcəyini düşünərək, “Amazon”dan audioyazını tələb edib. Şirkət məlumatların açıqlanmasına razılıq verib.

“Amazon” şirkəti “CBS” telekanalına verdiyi açıqlamada hüquqi məcburi əmr olmadıqda müştəri məlumatlarını ötürmədiyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.