Akademik Rasim Əliquliyev: “İnternet xidmətlərinin təkmilləşdirilməsi ilə əmək bazarında və biliklər iqtisadiyyatında dinamiklik artıb”

25 Noyabr 2019 - 18:15 | Konfranslar, İclaslar

Noyabrın 25 -də “StartupFest 2019” adı altında startapları əhatə edən beynəlxalq festivalın rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “StartupFest 2019” festivalı çərçivəsində Bakı və Gəncə şəhərlərində nəzərdə tutulan tədbirlər və panel sessiyaları barədə məlumat verib. Həmçinin texnologiyaların sürətli inkişafı sahəsində trendlərin insan həyatına, dövlət xidmətlərinin göstərilməsinə təsiri, ölkəmizdə rəqəmsal transformasiya, dövlət tərəfindən atılmış addımlar və gələcəyə baxış diqqətə çatdırılıb.

Açılış mərasimindən sonra tədbir “Dövlət sektorunda Rəqəmsal Transformasiya: İmkanlar və Çağırışlar”, “Biznes sektorunda Rəqəmsal Transformasiya: İmkanlar və Çağırışlar”, “Gələcək üçün bacarıqlar” və “İnnovasiya ekosistemi: Növbəti addımlar nədir?” mövzuları üzrə panel sessiyalarla davam edib.

“Gələcək üçün bacarıqlar” mövzusu üzrə  keçirilən panel sessiyada AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim informasiya texnologiyaları sahəsinin əhəmiyyətindən danışaraq bu sahənin gələcəyin qurulması ilə əlaqədar istiqamətlərdən olduğunu söyləyib. Akademik ölkəmizin inteqrasiyası ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirildiyini və Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olması məqsədilə ölkə rəhbərliyi tərəfindən əhəmiyyətli işlərin görüldüyünü diqqətə çatdırıb.

R.Əliquliyev qeyd edib ki, ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması üçün zəruri struktur islahatları aparılıb, ölkə üzrə yüksək keyfiyyətli İnternet və mobil rabitə infrastrukturu formalaşdırılaraq  e-hökumət və onun e-elm, e-təhsil, e-vergi, e-gömrük və s. seqmentləri, eləcə də e-biznes, e-vətəndaş sektorları formalaşdırılıb.

Akademik çıxışında ən yeni İKT vasitələrinə əsaslanan iqtisadi perspektivlərdən də danışıb. Bildirib ki, informasiya ötürülməsinin imkanları artdıqca informasiya cəmiyyəti və onun iqtisadi sferası daha sürətlə inkişaf edir. O cümlədən, Big Data, Cloud Computing, Əşyaların İnterneti, robototexnika kimi sahələr böyük iqtisadi perspektivlər vəd edir. Alimin sözlərinə görə, hazırda İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli, genişzolaqlı İnternet xidmətlərinin təkmilləşdirilməsi ilə əmək bazarında və biliklər iqtisadiyyatında dinamiklik artıb, 3D çap texnologiyalarının tətbiq sahələri və inkişaf perspektivləri genişlənib, 3D çap texnologiyalarının müasir istehsala təsiri güclənib.

Məruzəçi, həmçinin İKT və biliklər iqtisadiyyatı sahəsində kadr hazırlığı, milli proqram mühəndisliyinin formalaşdırılmasının informasiya təhlükəsizliyinin təmin olunması, kosmik iqtisadiyyatın yaranması, intellektual mülkiyyətin və fərdi məlumatların qorunması kimi məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Növbəti sessiyalarda dövlət orqanları, özəl təşkilat və müəssisələrin nümayəndələri, o cümlədən beynəlxalq ekspertlər müvafiq mövzularda çıxışlar ediblər.

Qeyd edək ki, “StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.

Noyabrın 21-dən 26-dək keçirilən “StartupFest 2019”a “Product Hunt Meetup”, “Startup Grind Ganja”, “Fun Baku”, “DevOpsDays Baku”, “Techstars Startup Weekend Baku Fintech”, “World E-Commerce Eurasia 2019 Baku Forum” tədbirləri daxildir.

Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

“StartupFest 2019”-un əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

Tədbirin sonunda ali məktəb tələbələri arasında keçirilən “Startap Günləri” müsabiqəsinin respublika finalının qalibləri mükafatlandırıldı.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.