Yaponiyanın Yamaqato Universitetinin alimləri beynəlxalq səviyyəli tədqiqat layihəsi çərçivəsində Naska yaylasının artefaktlarını tədqiq ediblər.
Cənubi Amerikanın qərb hissəsində yerləşən Naska yaylasında bu günədək araşdırılmayan çoxsaylı geoqliflər var. Həmin ərazidə yaşayan yerli əhalinin bir neçə əsr bundan əvvəl yer səthində cızdıqları bu geoqlifləri anlamaq, demək olar ki, mümkün deyil. Qədim rəssamların çəkdikləri bu təsvirləri yalnız quş uçuşu hündürlüyündən aydın şəkildə görmək olur.
142 Naska geoqlifini öyrənmək üçün “IBM JAPAN” şirkəti ilə birlikdə aparılan sınaqlarda süni intellektə toplanmış məlumatların emalı həvalə edilib. O, öz növbəsində, alimlərin müşahidə etmədikləri 143-cü geoqlifi də aşkar edib.
Yaponiyalı alimlər Naska yaylasında aşkar edilən yeni geoqlifləri 2 qrupa ayırıblar.
techcult.ru saytının verdiyi məlumata görə, birinci qrupa aid edilən böyükölçülü geoqliflər təxminən bizim eranın 500-cü ilində yaradılıb. 2-ci qrupa aid edilənlər daha kiçik ölçüdədirlər. Həmin geoqliflərin bizim eradan əvvəl 100-cü ilə aid olduğu ehtimal edilir. Süni intellektin müəyyən etdiyi 143-cü geoqlif, məhz bu qrupa aiddir. Onun uzunluğu cəmi 5 metrdir.
Aparılan tədqiqatların növbəti mərhələsində süni intellekt əldə olunan məlumatları emal edəcək. Daha sonra yayla ərazisinin yüksək hündürlükdən videoçəkilişi aparılacaq.
Layihənin nəticəsi olaraq Naska yaylasının daha dəqiq xəritəsi hazırlanacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.