AMEA-nın Gəncə Bölməsinin rəsmi veb-saytının təqdimat mərasimi keçirildi

14 Noyabr 2019 - 13:51 | Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitunda AMEA-nın Gəncə Bölməsinin rəsmi veb-saytının təqdimat mərasimi keçirildi. Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, baş mütəxəssisi Əfruz Qurbanova, elmi işçisi Yusif Sadıyev, mühəndis-proqramlaşdırıcısı Aqşin Paşayev, AMEA-nın Gəncə Bölməsinin şöbə müdiri Fərhad Mirzəyev və aparıcı mütəxəssisi İlhamə Cəfərova iştirak etdilər.

R.Ələkbərov öz çıxışında vurğuladı ki, ameagb.az saytı düzgün fəaliyyət üçün lazım olan bütün texniki tələblərə cavab verir. O, texniki məsələlərlə yanaşı, burada yerləşdirilən xəbərlərin dinamikası və aktuallığı məsələlərinə də toxundu. Bildirdi ki, ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncədə baş verən bütün elmi proseslər bu saytda öz əksini tapmalıdır. O, saytda təhlükəsizlik qaydalarına riayət edilməsinin, müəlliflik hüquqlarının qorunmasının, əsas xəbərlərə keçid linklərinin qoyulmasının vacibliyini də vurğuladı. Qeyd etdi ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytları Azərbaycan elmində baş verən yeniliklərin dolğun şəkildə işıqlandırılmasında xüsusi əhəmiyyət kəsb edir.

Saytı təqdim edən A.Paşayev bildirdi ki, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən sayt “Xəbərlər”, “Elanlar”, “Bölmə haqqında”, “İnstitutlar”, “Elmi fəaliyyət”, “Qalereya”, “Nəşrlər” kimi bölmələrdən ibarətdir. Ən son texnologiyalar əsasında yaradılmış saytda əhatəli axtarış sistemi və xəritə mövcuddur. O həmçinin vurğuladı ki, saytdan sosial şəbəkələrə birbaşa keçid imkanı da var.

G.Nəbibəyova öz çıxışında Gəncə bölməsinin əsas fəaliyyət istiqamətlərini əks etdirən ameagb.az saytının dizayn,  proqram və informasiya təminatı baxımından yüksək səviyyədə hazırlandığını, bütün müasir tələblərə cavab verdiyini diqqətə çatdırdı.

Ə.Qurbanova öz növbəsində vurğuladı ki, yüksək peşəkarlıqla hazırlanmış, müasir tələblərə cavab verən sayt qurumun güzgüsü rolunu oynamaqla yanaşı, onun beynəlxalq layihələrdə iştirakına geniş imkanlar yaradacaq.

Daha sonra, AMEA-nın Gəncə bölməsinin şöbə müdiri F.Mirzəyev veb-saytın hazırlanmasında göstərdiyi xidmətlərə görə institutun mütəxəssislərinə təşəkkürünü bildirdi, birgə əməkdaşlığın davam etdiriləcəyini qeyd etdi.

Sonda İnformasiya Texnologiyaları İnstitutunda ameagb.az saytının idarə olunması üzrə təlim kursunda fəal iştirak etdiyinə görə F.Mirzəyev və İ.Cəfərovaya müvafiq sertifikatlar təqdim edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.