İnformasiya Texnologiyaları İnstitunda AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Qafqazşünaslıq” jurnalının rəsmi veb-saytının təqdimat mərasimi keçirildi. Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, elmi katib Mədinə Səidova, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, elmi işçi Yusif Sadıyev, baş mütəxəssis Əfruz Qurbanova, mühəndis-proqramlaşdırıcı Aqşin Paşayev və AMEA Qafqazşünaslıq İnstitunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Ramilə Dadaşova, elmi katibi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynova, Şimali Qafqaz şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Liliya Mirzəzadə iştirak etdilər.
Rəşid Ələkbərov öz çıxışında vurğuladı ki, jcs.az saytı düzgün fəaliyyət üçün lazım olan bütün texniki tələblərə cavab verir. O, texniki məsələlərlə yanaşı, burada yerləşdirilən xəbərlərin dinamikası və aktuallığı məsələlərinə də toxundu. Qeyd etdi ki, saytın əsas prioritet vəzifəsi "Qafqazşünaslıq" elmi məcmuəsində dərc olunacaq materialların oxuculara çatdırılması olsa da, Qafqazda baş verən geosiyasi hadisələr də burada öz əksini tapmalıdır. R.Ələkbərov saytda təhlükəsizlik qaydalarına riayət edilməsinin, müəlliflik hüquqlarının qorunmasının, əsas xəbərlərə keçid linklərinin qoyulmasının vacibliyini də vurğuladı.
Saytı təqdim edən Yusif Sadıyev bildirdi ki, azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən sayt “Əsas”, “Mövzular”, “Arxiv”, “Etik davranış”, “Elanlar” bölmələrindən ibarətdir. Ən son texnologiyalar əsasında yaradılmış saytda əhatəli axtarış sistemi və xəritə də mövcuddur.
G.Nəbibəyova öz çıxışında vurğuladı ki, jcs.az saytı həm veb-saytların, həm də beynəlxalq onlayn elektron jurnalların tələblərinə cavab verir.
Sonda İnformasiya Texnologiyaları İnstitutunda keçirilmiş treninqlərdə fəal iştirak etdiyinə görə Qafqazşünaslıq İnstitutunun əməkdaşları Günel Musayeva və Aynur Əzimzadəyə müvafiq sertifikatlar təqdim edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.