AMEA İnformasiya Texnologiyaları İnstitutununun 1 saylı şöbəsinin layihə baş mühəndisi texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova şöbənin 2014-cü il üzrə 9 aylıq hesabatını təqdim etdi. O, elmi-tədqiqat, elmi-innovasiya, müxtəlif təyinatlı kitabların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş işlər haqqında danışdı.
Məruzəçi bildirdi ki, şöbədə iki əsas - informasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətlərində elmi-tədqiqat işləri aparılır. İlk növbədə böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri istiqamətində “Big Data” problemlərinin tədqiqi və analizi mövzusu üzrə: terminin yaranma tarixi, böyük verilənlərin yaranmasını şərtləndirən amillər, onları digər verilənlərdən fərqləndirən xarakteristikalar, 3V konsepsiyası, ənənəvi üsullarının köməyi ilə emal və analiz oluna bilməyən böyük verilənlər üçün yanaşmalar, yeni nəsil texnologiyalar, alətlər, mövcud elmi-nəzəri problemlər və s. ilkin analitik təhlillərin aparıldığını və araşdırmaların davam etdirildiyini qeyd etdi.
İkinci “Milli domen adlarının intellektual manitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda elmi tədqiqat işi üzrə araşdırmaların yekunlaşdırıldığını və institutun elmi seminarında müzakirəyə təqdim olunduğunu bildirdi.
M.Hacırəhimovanın sözlərinə görə, elmi-innovasiya işləri çərçivəsində “e-elm” proqramı layihəsinin həyata keçirilməsi mövzusu ətrafında elm sahələrinin təsnifatlaşdırılması məsələləri üzrə YUNESKO tərəfindən ayrı-ayrı dövrlərdə qəbul olunmuş nomenklaturalar, ABŞ, Avstraliya, Yeni-Zelandiya, Rusiya kimi dövlətlərin elm sahələrinin standartları araşdırılmış, e-elm mühitində elmin idarə olunması problemlərinə baxıldığını və bu istiqamətdə işlərin davam etdirildiyini qeyd etdi.
Həmçinin “Elektron sənəd dövriyyəsi texnologiyaları” ekspres informasiya kitabının hazırlandığını bildirdi.
O, aparılan elmi tədqiqat və innovasiya işlərinin beynəlxalq konfranslarda məruzə edilməsi, КİV-də təbliği və bu istiqamətdə populyar məqalələrin nəşri, şöbədaxili seminarların keçirilməsi, şöbə əməkdaşlarının elmi-pedaqoji fəaliyyəti və s. dair həyata keçirilən tədbirləri diqqətə çatdırdı.
Sonda irad, təklif və tövsiyələr səsləndirildi, hesabat qəbul olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.