İKT-in tətbiqində və onun cəmiyyətə təsirində hazırki və gələcək cərəyanlar müzakirə olunub

23 Oktyabr 2019 - 22:35 | Konfranslar, İclaslar

Bu gün Bakıda keçirilən “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı” (AICT 2019) İKT-in tətbiqində və onun cəmiyyətə təsirində hazırki və gələcək cərəyanlar” adlı paneldə öz işini davam etdirib.

Tədbirdə çıxış edən ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov XXI əsrin informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu vurğulayıb, qloballaşma dövründə İKT-nin böyük əhəmiyyətindən söz açıb. Araz Yusubov rəhbərlik etdiyi fakültədə bu sahədə ixtisaslaşmış kadrların hazırlandığını, beynəlxalq tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb.

Tibb sahəsində istifadə olunan texnologiyalarla bağlı əldə olunan yeniliklərdən danışan Kaliforniya Texnologiya İnstitutunun Avtonom Sistemlər və Texnologiyalar Mərkəzinin direktoru Morteza Qərib bildirib ki, çox zaman insanlar müasir tibbi avadanlıqlarla müayinə oluna bilmirlər. Bizim məqsədimiz ailələrə belə imkanları təqdim etməkdir. “Misal olaraq, insanlar artıq müayinə zamanı ürək çatışmazlığını əvvəlcədən görə bilərlər. Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasında olduğundan tibbi yeniliklərin müvafiq sahədə tətbiq olunmasında maraqlıdır”.

Təl-Əviv Universitetinin professoru, xanım Hagit Messer öz çıxışında vurğulayıb ki, naqilsiz rabitə kanalları hava şəraitinə həssasdır. O, 5G rabitə  texnologiyaları, xüsusilə də, mmWave (millimetrlik dalğalar) naqilsiz rabitə ilə bu yanaşmadan istifadənin çətinlikləri və imkanlarına diqqət çəkib. Rabitə əlaqələrinin oportunistik hava sensorları kimi istifadəsinin texniki çətinlikləri ilə məşğul olmaqla yanaşı, bu yanaşmanın əldə edə biləcəyi məkan həlli və təmin edə biləcəyi dəqiqlik baxımından potensial faydasının nəzəri təhlilini təqdim edib.

Sonra Kanadanın Vaterloo Universitetinin professoru İlham Axundovun, həmçinin professor Rafiq Əliyevin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Xatırladaq ki, oktyabr ayının 25-dək davam edəcək “AİCT 2019” konfransı çərçivəsində elmi məruzələrlə yanaşı, ustad dərsləri və nümayəndə heyətləri arasında işgüzar görüşlər təşkil olunacaq.

Qeyd edək ki, tədbir “Paşa Bank”ın baş sponsorluğu və Konvensiya Bürosunun dəstəyi ilə keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.