Mausu əvəz edən qeyri-adi eynək təqdim olunub

14 Oktyabr 2019 - 12:53 | Texnoloji yeniliklər
Mausu əvəz edən qeyri-adi eynək təqdim olunub

“HiiDii Glasses” adlı qurğu əlləri daim məşğul olan və ya klassik kompüter mausundan istifadəyə mane olan fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulub. İdeya müəllifləri baş və gözləri hərəkət etdirməklə, proqramlarda kursoru idarə etmək üçün mausun əvəzinə onun funksiyalarını xüsusi eynəyə daşımağı təklif edirlər. Maraqlıdır ki, “HiiDii” avadanlıqla təchiz edilmiş çərçivədir və ona istənilən linzanı yerləşdirmək olar.

techcult.ru saytının məlumatına görə, digər oxşar qadcetlər göz bəbəyinin hərəkətlərini izləyir. “HiiDii Glasses”də isə eynəyin buruna taxılan hissəsində dərinin dartınmalarını qeydə alan sensor yerləşdirilib ki, bu da göz qapaqlarının bağlanmasını izləyir. İstehsalçılar bildirirlər ki, sistem təsadüfi jestləri və məqsədyönlü əmrləri ayırd edə bilir. Eynəyin qulağa keçirilən hissəsində isə baş hərəkətlərini analiz edən hiroskoplar quraşdırılıb.

Bir gözün qırpılması mausun düyməsini sıxmaq kimi interpretasiya edilir və əməliyyat sistemində uyğun reaksiyaya səbəb olur. İki gözün qırpılması ikiqat klik, tez-tez göz qırpma isə düymənin basılıb saxlanması deməkdir. Əgər bu zaman istifadəçi başını əyərək hərəkət etdirərsə, kursor seçilmiş obyekti çəkib başqa hissəyə köçürəcək. Bir daha göz qırpdıqda seçilmə ləğv olunacaq.

Əmrlər dəsti böyük olmasa da, “Windows” əməliyyat sistemi, ofis proqramları, brauzer və bəzi oyunlarda iş üçün kifayət edir. “HiiDii Glasses” eynəyi, həmçinin “Mac OS”, “Android” əməliyyat sistemlərini, smartfon və planşetlərlə işi dəstəkləyir. Akkumulyator bir dəfə enerji ilə doldurulduqda 10 saat işləyir. Qurğunun qiyməti 69 ABŞ dolları təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.