Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində araşdırmalar aparılır

26 Sentyabr 2014 - 10:33 | Konfranslar, İclaslar
Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində araşdırmalar aparılır

Müasir dövrdə kompüter istifadəçilərinin texniki biliklərinin zəif olması, insanlara bu biliklərin kifayət qədər aşılanmaması, texnoloji mədəniyyətin inkişaf etdirilməsini, o cümlədən kompüter texnologiyalarına dair xidmət və onların təmiri məsələlərinə elmi yanaşmanın formalaşmasını tələb edir.

Bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Şakir Mehdiyev korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi metod və alqoritmlərinin işlənməsi mövzusunda araşdırmalar aparır. O, rəhbərlik etdiyi şöbənin 9 aylıq hesabatını təqdim edərkən bu barədə məlumat verib.

Şöbədə elmi-innovasiya və praktiki fəaliyyət çərçivəsində görülən işləri diqqətə çatdıran məruzəçi AMEA-nın institut və təşkilatlarına məxsus fərdi kompüterlərdə mütəmadi olaraq təmir-sazlama, onların texniki imkanlarının artırılması və proqram təminatlarının instalizasiya işlərinin yerinə yetirildiyini bildirib.

AMEA-nın institut və təşkilatlarının infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi, İnformasiya Texnologiyaları İnstitutunun e-kitabxana mərkəzinin şəbəkə infrastrukturunun  quraşdırılması,  kompüter və kitabxana avadanlıqlarının sazlanması ilə bağlı ardıcıl tədbirlərin görüldüyünü qeyd edib.

O, həmçinin şöbə əməkdaşları tərəfindən elmi-pedaqoji, elmi-təşkilati fəaliyyət və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlər barədə məlumatları diqqətə çatdırıb.

Hesabat ətrafında fikir mübadiləsi aparılıb, irad və təkliflər səsləndirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.