2022-ci ildə Marsı kiçik süni peyklər əhatə edəcək

11 Oktyabr 2019 - 11:43 | Maraqlı məlumatlar
2022-ci ildə Marsı kiçik süni peyklər əhatə edəcək

“Virgin Orbit” Marsa kubsatlar (kiçik süni peyklər) göndərən ilk özəl şirkət olmaq niyyətindədir. Kosmik aparatlar “SatRevolution” şirkəti və Polşanın bir neçə universiteti ilə birgə hazırlanacaq. Orbitə ilk buraxılış 2022-ci ilə planlaşdırılır.

hitech.vesti.ru saytının məlumatına əsasən, “Virgin Orbit” Böyük Britaniya sahibkarı Riçard Brensonun kosmik turizm xidmətləri təqdim edən “Virgin Galactic” şirkətinin tərkibindədir. Qırmızı planetin kiçik “Virgin Orbit” peykləri ilə əhatə edilməsi ideyasının yaranmasına Marsa iki peykin göndərildiyi ABŞ Kosmik Agentliyinin (NASA) “InSight” missiyası səbəb olub. Şirkət bu uğuru təkrarlamaq üçün açıq kosmosa “LauncherOne” raketdaşıyıcısı vasitəsilə 50 kiloqramlıq oxşar aparatlar yollamaq niyyətindədir.

Şirkətin xüsusi layihələr üzrə vitse-prezidenti Uill Pomeransın sözlərinə görə, Marsa çatan planetlərarası peyklər fotoşəkillər çəkə, atmosferi öyrənə və su axtara biləcəklər. Bundan başqa, aparatları Mars və Venera peyklərinin, eləcə də asteroidlər zolağında obyektlərin tədqiqinə cəlb etmək mümkün olacaq.

Lakin şirkət öncə “LauncherOne” raketdaşıyıcısının hazırlanmasını başa çatdırmalıdır. İyirmi bir metr uzunluğunda raketdaşıyıcısı havada – 11 km hündürlükdə modifikasiya edilmiş “Boeing 747” (Cosmic Girl) təyyarəsi vasitəsilə buraxılacaq. Raketdaşıyıcısının uğurlu buraxılışı “Virgin Orbit” missiyasının gələcəyini müəyyənləşdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.