“Google” şirkəti “Kibertəhlükəsizliyə dair məlumatlandırma ayı”na start verib. Şirkət layihə çərçivəsində yeni alətlərini təqdim edib. Məsələn, “Chrome” və “Android” hesablarına giriş üçün parol dispetçeri onların boşluqlarını göstərəcək, yaxın zamanda “sındırılmış” parollar barədə xəbərdarlıq edəcək və müxtəlif hesablar üçün simvolların eyni kombinasiyalarından istifadəni izləyəcək.
“Google Maps” xidmətində əvvəlcə “Android”, ayın sonunda isə “iOS” əməliyyat sistemləri üçün “gizli” rejim əlçatan olacaq. Onun aktivləşdirilməsi zamanı əvvəlki kimi xəritələrlə işləmək mümkün olacaq, lakin istifadəçinin fəaliyyəti barədə heç bir informasiya saxlanılmayacaq. Həmçinin işin fərdiləşdirilməsi ilə bağlı funksiyalar avtomatik dayandırılacaq ki, bu da bəzi çətinliklər yarada bilər. Bu rejimdə hesabda xəritələrlə işin heç bir izi qalmayacaq.
techcult.ru saytının məlumatına əsasən, “YouTube” platformasına ziyarət və veb-məlumatların tarixinin avtomatik təmizlənməsi funksiyası əlavə ediləcək. Məsələn, 3 ay və ya yarım illik məlumatları silmək mümkün olacaq. O, brauzerlərdə tarixin təmizlənməsi funksiyası kimi işləyəcək.
Həmçinin sadəcə səs assistentindən xahiş etməklə, sorğuların tarixini silmək mümkün olacaq. Bunun üçün smartfonda proqramı işə salmaq tələb olunmur. “Google”, bu gün soruşduğum hər şeyi sil”, – söyləmək kifayətdir. Lakin bu yolla yalnız yeni sorğuları silmək olar. Həftəlik informasiyanı isə proqram vasitəsilə əl ilə silmək lazımdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.