ABŞ-da “Heaviside” (HVSD) adlandırılan səssiz elektrik uçuş aparatı təqdim edilib.
Elektrik təyyarəsi “Google” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Kitty Hawk” şirkətinin mühəndisləri tərəfindən hazırlanıb.
belta.by saytının məlumatına görə, yeni uçuş aparatı artıq sınaqdan keçirilib. Mühəndislərin sözlərinə görə, o, 15 dəqiqə ərzində 90 kilometr məsafə qət edəcək. Batareyanın bir dəfə yüklənməsi 100 mil və ya 160 kilometrə qədər uzaqlığa uçuş etmək üçün kifayət edəcək.
Şirkət nümayəndələri hesab edirlər ki, təyyarə dünyanın böyük şəhərlərində nəqliyyat daşınmaları sahəsində öz tətbiqini tapacaq. HVSD uçuş aparatının daha bir üstünlüyü səkkiz mühərrik işlədiyi zaman səs səviyyəsinin 38 desibel təşkil etməsidir. Qeyd edək ki, bu yaxınlarda sərnişinləri Manhettendən Nyu-York hava limanına çatdırmağa başlayan vertolyotların səs səviyyəsi 80 desibel təşkil edir.
Təyyarə hələ ki, sınaq mərhələsində olsa da, tezliklə bu uçuş aparatlarının meqapolislərdə meydana çıxacağı istisna edilmir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.