Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri onu ayağına geyinmiş insana yolu izah edən ayaqqabı hazırlayıblar. “Ağıllı” ayaqqabı addımları və itirilmiş kaloriləri hesablamaq imkanına malikdir.
Mütəxəssislərin fikrincə, Bluetooth texnologiyası ilə təchiz edilmiş ayaqqabılar sahibinin smartfonu ilə birləşir. Bu isə, onlara insanın nəzərdə tutulmuş marşrut üzrə hərəkətini izləməyə imkan verir. İnsan sağa və ya sola dönməlidirsə, ayaqqabıların sağ və ya sol tayı titrəməyə başlayır.
onauke.info saytının məlumatına görə, istehsalçılar güman edirlər ki, onların tətbiqi yollarda qəza ehtimalını azaldacaq, çünki, insana hərəkət zamanı smartfonun ekranına baxmaq lazım olmayacaq. Bu kimi ayaqqabılar bir neçə il sonra populyarlığına görə “ağıllı” saatlarla müqayisə oluna biləcək.
Qeyd edək ki, bu, Rusiyada bu kimi funksiyalara malik ilk “ağıllı ayaqqabı” layihəsi deyil. İki il öncə, Sibir Federal Universiteti və Tomsk Milli Tədqiqat Politexnik Universitetinin alimləri insanın Yer kürəsinin maqnit sahəsi üzrə koordinatlarını müəyyən edən inteqrasiya edilmiş naviqasiya sisteminə malik ayaqqabını təqdim ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.