AMEA İnformasiya Texnologiyaları İnstitutunda Bakı Avropa Liseyinin bir qrup şagirdi ilə görüş keçirildi. Görüşdə liseyin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Veysova, şagirdlərin valideynləri, eləcə də AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdirləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan akademik Rasim Əliquliyev institutda şagirdlərlə keçirilən görüşün bu elmi qurumla tanışlıq xarakteri daşıdığını, əsas məqsədin şagirdlərdə elmə marağın artırılması olduğunu bildirdi.
Azərbaycanın öz göstəricilərinə görə yüksək sürətlə inkişaf edən ölkələrdən olduğunu bildirən akademik son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlərin həyata keçirildiyini bildirdi.
R.Əliquliyev AMEA-nın dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin əldə olunması, gənclərin elmə cəlb olunması işinə mühüm töhfələr verdiyini qeyd etdi, akademiyanın əsas prioritet istiqamətlərindən birinin elm və təhsilin inteqrasiyası olduğunu vurğuladı. Alim bu məqsədlə gənclər arasında olimpiadaların təşkil olunduğunu və müxtəlif elmi və texnoloji layihələrin icra olunduğunu nəzərə çatdırdı.
Növbəti ildə AMEA-nın yaradılmasının 75 illiyinin qeyd olunacağını diqqətə çatdıran akademik bu qurumun Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olan qurumlardan biri olduğunu vurğuladı. Qeyd etdi ki, bu gün akademiyanın müxtəlif institut və təşkilatlarında dünyanın inkişaf tempinə uyğun olaraq qabaqcıl elmi isitqamətlər üzrə tədqiqatlar aparılır.
“Ölkəmizdə milli özünüdərk hissinə malik, savadlı gənc nəslin yetişdirilməsinə xüsusi önəm verilir”, – deyən R.Əliquliyev elmə marağı olan gənclərin formalaşdırılmasında AMEA-nın geniş imkanlara malik olduğunu söylədi. İnstitut direktoru liseyin şagirdlərinin elmə marağının artırılması üçün onların maraq dairələrini müəyyənləşdirən anketlərin hazırlanmasının, şagirdlərlə interaktiv işlərin aparılmasının və institutda “Şagirdlərin İKT üzrə Ümumrespublika Konfransı”nın keçirilməsinin böyük səmərə verəcəyinə əminliyini ifadə etdi.
Daha sonra Bakı Avropa Liseyinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Veysova çıxış edərək rəhbərlik etdiyi liseyin öz nailiyyətləri ilə hər zaman respublikanın öndə gedən tədris müəssisələrindən biri olduğunu vurğuladı.
Bakı Avropa Liseyinin 1991-ci ildə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Yaradıcı istedad” Elmi Praktik Mərkəzinin və “İstedad” Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı nəticəsində yarandığını söyləyən Z.Veysova liseyin Avropa məktəblərinin təcrübəsini özündə əks etdirən və Azərbaycanın mövcud şəraitinə uyğunlaşdırılmış “Avropa məktəbi” pedaqoji modeli olaraq fəaliyyət göstərdiyini diqqətə çatdırdı.
Z.Veysova ölkədə ilk dəfə olaraq 1993-cü ildə liseydə fəal təlim metodunu tətbiq etdiyini bildirdi, 2000-ci ildən liseydə “Kiçik Elmlər Akademiyası” layihəsinin həyata keçirildiyini, tətbiq olunan təlim texnologiyasına əsasən şagirdlərin tədqiqatçı kimi formalaşdığını vurğuladı.
“Liseydə təlim-tərbiyə yeni və səmərəli təhsil yanaşmaları, müasir tələbləri ödəyən metod və texnologiyalar üzərində qurulur”, – deyə bildirən Z.Veysova liseyinin əsas vəzifəsinin istedadlı uşaqların intellektual və yaradıcı potensialını üzə çıxarmaq və onların şəxsiyyətini inkişaf etdirmək olduğunu bildirdi.
O, liseydə fəal interaktiv təlim metodlarından geniş istifadə olunduğunu qeyd edərək təlim-tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının mərhələlərlə tətbiq olunduğunu nəzərə çatdırdı.
Z.Veysova liseyin şagirdlərinin elm ilə yanaşı, mədəniyyət və incəsənət sahələrində də mühüm nailiyyətlər əldə etdiklərini, müxtəlif layihələrdə yaxından iştirak etdiklərini, liseyin məzunlarının isə, dünyanın nüfuzlu ali məktəblərində təhsil alaraq gen mühəndisliyi, informasiya texnologiyaları və digər sahələrdə böyük uğurlara imza atdıqlarını söylədi.
Lisey direktorunun sözlərinə görə, lisey tərəfindən təqdim olunan ən mühüm yenilik istedadlı uşaqlar üçün inkişafetdirici Fənlərarası Təlim Proqramıdır (FAT). Bu proqram vasitəsilə şagirdlərdə məntiqi, tənqidi və qlobal təfəkkürün, yaradıcılığın, elmi-tədqiqat və problemi həlletmə, əməkdaşlıq və ünsiyyət qabiliyyətlərinin və metakoqnitiv (öyrənməyi öyrənmək) bacarıqlarının sistemli inkişafının həyata keçirilməsinə dair imkanlar yaradılır, bu isə, öz növbəsində, şəxsiyyətin inkişafına, eləcə də öyrənmək həvəsinin yaranmasına səbəb olur.
Sonra müzakirələr aparıldı, şagirdləri maraqlandıran suallar cavablandırıldı, təkliflər səsləndirildi.
Sonda şagirdlər institutun AzScienceNet elm kompüter şəbəkəsi, şəbəkənin Data Mərkəzi, Tədris-İnnovasiya Mərkəzi, Distant Tədris Mərkəzi, Elektron Kitabxana Mərkəzi, Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları Nəşriyyatının fəaliyyəti və burada 3D-printerin iş prinsipi ilə yaxından tanış oldular, onlara bu bölmələrin imkanları, görülən işlər haqqında məlumat verildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.