“Google” Avropa məlumat emalı mərkəzlərinə 3 milyard avro investisiya qoyacaq

23 Sentyabr 2019 - 15:42 | İnternet-50
“Google” Avropa məlumat emalı mərkəzlərinə 3 milyard avro investisiya qoyacaq

“Google” şirkəti yaxın iki il ərzində Avropa məlumat emalı mərkəzlərinin genişləndirilməsinə 3 milyard avro məbləğində investisiya qoymağı planlaşdırır. Bu barədə Finlandiyaya səfəri zamanı şirkətin baş direktoru Sundar Piçai bildirib. Onun sözlərinə görə, bunun sayəsində 2007-ci ildən şirkət tərəfindən Avropa İnternet infrastrukturuna yatırılan investisiyaların həcmi 15 milyard avroyadək artacaq.

servernews.ru saytının məlumatına görə, Finlandiyanın baş naziri Antti Rinne “Google”ın rəhbəri ilə birgə keçirilən mətbuat konfransında qeyd edib ki, plan Finlandiyanın Hamin şəhərində yerləşən məlumat emalı mərkəzinə əlavə 600 milyon avro investisiya qoyuluşunu nəzərdə tutur. Bunun nəticəsində obyektə yatırılan investisiyaların ümumi həcmi 2 milyard avro təşkil edəcək.

“Google” şirkəti bundan əvvəl Hamin şəhərində köhnə kağız emalı zavodunu yenidən quraraq yaratdığı məlumat emalı mərkəzinə 800 milyon avro investisiya qoyub. May ayında şirkət eyni yerdə yeni məlumat emalı mərkəzinin tikintisinə 600 milyon avro investisiya qoyacağını bəyan edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.