Saç artımının stimulyasiyası üçün qurğu təqdim olunub

23 Sentyabr 2019 - 15:16 | Texnoloji yeniliklər
Saç artımının stimulyasiyası üçün qurğu təqdim olunub

ABŞ-ın Viskonsin-Medison Universitetinin mühəndisləri saç artımının stimulyasiyası üçün istifadəçinin bədən hərəkətlərindən elektrik enerjisi yaradan qurğu hazırlayıblar. Qadcet o qədər yığcamdır ki, papağın altına yerləşdirilə bilər.

techcult.ru saytının məlumatına görə, dazlaşmanın elektrotrixogenez (elektrik sahəsinin köməyilə zəifləmiş və “yatmış” tük follikullarının stimulyasiyası) metodu ilə müalicəsi yenilik hesab edilmir. Onun əsas çatışmazlığı qurğuların böyük, batareya tutumunun məhdud olmasıdır.

Yeni qurğunun effektivliyi hələ ki, yalnız siçanlar üzərində sınaqdan keçirilib. Növbəti mərhələ onun insan hüceyrələri ilə qarşılıqlı təsir qabiliyyətini yoxlamaqdan ibarətdir. Tədqiqatçılar qeyd ediblər ki, qurğu daha çox dazlaşmanın profilaktikası üçün nəzərdə tutulub. Deməli, o, saçların tökülməsinin ən erkən mərhələsində effektiv olacaq. Texnologiya, təəssüf ki, saçların tamamilə itirildiyi dəri strukturunda yeni tük follikulları yaratmaq qabiliyyətinə malik deyil.

Qurğunun kommersiya məqsədilə istehsalı haqqında yalnız bir neçə il sonra danışmaq mümkün olacaq. Çünki patentli texnologiyanı insanlar üzərində sınaqdan keçirmək lazımdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.