Alimlər telefonun blokdan çıxarılması üçün qulaqlıqlardan istifadə ediblər

22 Sentyabr 2019 - 18:18 | Texnoloji yeniliklər
Alimlər telefonun blokdan çıxarılması üçün qulaqlıqlardan istifadə ediblər

Buffalo Universitetinin alimləri smartfon istifadəçilərinin qulaq kanalının unikal həndəsəsi vasitəsilə autentifikasiyası üçün modifikasiya edilmiş simsiz qulaqlıqlardan istifadə edən biometrik alət yaradıblar. Bu, iki qulaqlıq və kiçik mikrofondan ibarət biometrik sistemin prototipidir. Həmçinin “EarEcho” komponentləri arasında informasiya mübadiləsi üçün riyazi modellər və səs maneələrinin məhdudlaşdırılması üçün akustik siqnalların emalı metodları hazırlanıb.

naked-science.ru saytının məlumatına əsasən, qurğunun iş prinsipi kifayət qədər sadədir. Hər birimizin eşitmə keçidi unikaldır və onu dəyişdirmək praktik olaraq mümkün deyil. Bu o deməkdir ki, hər bir insanda səs xarici qulaq divarlarında əks olunaraq və udularaq müxtəlif cür yayılır. Buna görə də eşitmə dəliyinə siqnalı göndərmək və divarlardan əks olunan səsi tutmaq mümkündür. Məhz bu səs sahibin unikal biometrik imzası olacaq. Onun vasitəsilə yalnız telefonu blokdan çıxarmaq deyil, həm də ödəniş etmək mümkün olacaq.

Qurğunun sınaqlarında müxtəlif nitq, musiqi və digər materiallardan ibarət kiçik audioyazıları dinləmiş 20 könüllü iştirak edib. Sınaqlar müxtəlif şəraitlərdə (küçədə, ticarət mərkəzində və s.) və bədənin müxtəlif vəziyyətlərində (oturaraq, ayaq üstə və s.) keçirilib. Məlum olub ki, əgər “EarEcho” 1 saniyə ərzində cavab siqnalını dinləməyə imkan verirdisə, onun tanıma ehtimalı 95 faizə bərabər idi. Vaxtın 3 saniyəyə qədər artırılması 97,5 faiz doğru identifikasiyanı göstərib.

Nəzəri olaraq, istifadəçilər giriş kodları, barmaq izləri, sifətin və başqa biometrik məlumatların tanınmasına ehtiyacı azaldaraq, öz smartfonlarını blokdan çıxarmaq üçün “EarEcho”ya etibar edə bilərdilər. Lakin istehsalçılar hesab edirlər ki, qurğunun ən böyük potensial tətbiqi smartfon istifadəçisinin fasiləsiz monitorinqidir. Alimlərin sözlərinə görə, “EarEcho” ödənişlərin həyata keçirilməsi, həmçinin əgər telefon təsadüfən bloklanarsa və ya lazımi proqramdan çıxarsa, giriş kodlarının və biometrik göstəricilərin təkrar daxil edilməsi üçün faydalı ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.