Yeni proqram qorxunc saxta təsvirlər yaradır

09 Sentyabr 2019 - 12:53 | Texnoloji yeniliklər
Yeni proqram qorxunc saxta təsvirlər yaradır

“AppStore” proqram mağazasının Çin seqmentində meydana çıxdıqdan bir neçə gün sonra “Zao” proqramı iOS qurğuları üçün yükləmələrin lideri olub. Ölkə xaricində əlçatan olmayan, lakin Çində böyük populyarlıq qazanmış proqram qalmaqallara da səbəb olub. Əgər mütləq göstəricilərə baxsaq, məlum olar ki, son 3 gün ərzində dünyada rekord sayda saxta (dipfeyk) videolar yaradılıb.

techcult.ru saytının məlumatına əsasən, “Zao”nun köməyilə yaradılmış hər bir video həqiqi dipfeykdir. Proqram istənilən videoçarxda orijinal personajların sifətlərinin əvəzinə istifadəçinin sifətini çəkir. Onun köməyilə özünü istənilən kinonun fraqmentinə, xəbər süjetinə, televiziya şousuna, tarixi xronikaya və s. əlavə etmək mümkündür. Nəticə olduqca həqiqi görünür. Belə ki, statik şəkillər əsasında dinamik təsvir yaradılır.

Bundan başqa, proqrama müxtəlif dipfeyklər yaratmaq üçün insanın bir təsviri kifayətdir. “Zao”nun əsasını təşkil edən süni intellekt mütəxəssislərdə bir çox sualın yaranmasına səbəb oldu. Ekspertlər ehtiyat edirlər ki, əyləncə üçün yaradılmış xidmətin arxasında daha ciddi bir məqsəd dayanır. İlk versiyada istifadəçi razılaşmasında birbaşa göstərilmişdi ki, proqram əldə olunmuş məlumatlara hər zaman və istehlakçıların icazəsi olmadan müraciət edə bilər. Bu, böyük narazılıq doğurdu və qaydalar tezliklə redaktə edildi.

Lakin Çinin əsas sosial platforması olan “WeChat” “Zao”nu blokladı. Ehtimal olunur ki, proqram müəllifləri onu başqa ölkələrdə yaymağa başlasalar, qərbdə də belə davranacaqlar. Versiyalardan birinə görə, layihənin arxasında Çin hakimiyyətinin sifətin tanınması texnologiyasını optimallaşdırmaq cəhdi dayana bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.