İlk səs radarı işə salınacaq

05 Sentyabr 2019 - 12:19 | Texnoloji yeniliklər
İlk səs radarı işə salınacaq

“Səs radarı” adlı qurğunun sınaqları tezliklə Parisdə yerləşən Orli aeroportu yaxınlığında başlanacaq. Yeni qurğu “Bruitparif” şirkətinin mühəndisləri tərəfindən hazırlanıb. O, səs səviyyəsini hər 10-cu saniyədə desibellərlə ölçən 4 ədəd mikrofonla təchiz edilib və səs mənbəyinin dəqiq yerini təyin edə bilir.

techcult.ru saytının məlumatına əsasən, səs radarı obyektin akustik izini rəngli nöqtələr şəklində əks etdirir. Asayişi pozan obyekt haqqında informasiya polisin xarici müşahidə kameralarının məlumatları ilə müqayisə edilir, sonra kompüter cərimə qəbzini yazır.

Şirkətin direktoru Fanni Metliski bildirib ki, artıq bir neçə aydır ki, 40 ədəd qurğu məşhur Paris barlarına yaxın yerlərdə işləyir və daha 17 qurğu böyük inşaat meydançalarında quraşdırılıb. Sistem hələ ki, cərimə yazmadan test rejimində işləyir. Şəhərin meri Didye Qonsalesin sözlərinə görə, radar cari ilin payızında bu kimi sistemlərdən istifadəyə icazə verən qanun layihəsinin qəbulundan dərhal sonra aktivləşdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.