“Ağıllı” uşaq arabası təqdim olunub

04 Sentyabr 2019 - 11:31 | Texnoloji yeniliklər
“Ağıllı” uşaq arabası təqdim olunub

Almaniyanın “Bosch” şirkəti “ağıllı” uşaq arabasını təqdim edib. “eStroller” adlı araba ilk baxışdan adi uşaq arabasından fərqlənmir. O, iki elektrik mühərriki ilə təchiz edilib.

hi-news.ru saytının məlumatına görə, elektrik mühərrikləri ilk növbədə uşaq arabasının hərəkətinə kömək etmək üçün nəzərdə tutulub. Yəni, onu idarə edən şəxs hərəkət edərkən daha az güc sərf edəcək. Məsələn, sistem uşaq arabasını yuxarı itələməyə və ya tormozlamağa kömək edəcək. Bundan başqa, “eStroller”ə yol örtüyünün analizi üçün bir sıra sensorlar quraşdırılıb. İstehsalçılar bildirirlər ki, bu sensorlar valideynin fikri yayındıqda arabanın gözlənilməz istiqamətlərdə hərəkətinin qarşısını almağa kömək edəcək.

Qidalanma elementləri kimi 18 voltluq dəyişdirilə bilən litium-ion batareyaları çıxış edir. Qurğunun korpusunda, həmçinin digər qurğuları enerji ilə doldurmağa imkan verən “USB-port” və “Bluetooth” modulu yerləşdirilib.

Xüsusi proqramın köməyilə batareyanın nə qədər enerjisi qaldığını öyrənmək, gedilmiş yol, idarəetməyə kömək sisteminin işi haqqında məlumat almaq, həmçinin qaçırılmağa qarşı sistemi işə salmaq olar. Bu sistem araba ona qoşulmuş qurğudan çox uzaqda olduqda və ya onunla əlaqə birdən kəsildikdə işə düşür.

Maraqlıdır ki, “Bosch” şirkəti “eStroller” arabasının satışı ilə məşğul olmayacaq. Artıq “Emmaljunga” adlı İsveç firması ilə müqavilə bağlanıb. Yalnız bir nəfərlik deyil, iki və üç nəfərlik “ağıllı” uşaq arabalarının istehsalı da planlaşdırılır. İlk partiya 2020-ci ilin başlanğıcında, lakin hələ ki, yalnız İsveç ərazisində satışa çıxarılacaq. Arabanın qiyməti hələ ki, açıqlanmır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.