İlk çoxsəviyyəli “4G+5G” şəbəkəsi nümayiş olunub

03 Sentyabr 2019 - 15:58 | Texnoloji yeniliklər
İlk çoxsəviyyəli “4G+5G” şəbəkəsi nümayiş olunub

Çinin “Huawei” şirkəti və “China Mobile” operatoru “Huawei Asia-Pacific Innovation Day” konfransında beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) simsiz keçidə imkan verəcək ilk “hibrid” şəbəkəsinin işini nümayiş etdiriblər.

4pda.ru saytının məlumatına görə, çoxsəviyyəli “4G+5G” şəbəkəsi əsas əhatə dairəsi, yüksək buraxılış qabiliyyətli təbəqə və binaları əhatə edən təbəqədən ibarətdir. Bütün bunlar “5G” siqnalını daha yaxşı qəbul etməyə imkan verir.

Tədbir zamanı “5G” şəbəkəsində işləyən aparıcı texnologiyalar nümayiş olunub: virtual reallıq, “8K” təsvir ölçülü videotranslyasiya, “5G” şəbəkəsini dəstəkləyən dron və təcili yardım maşınları və s. Xüsusi tibbi nəqliyyat vasitəsinin imkanlarının təqdimatı daha effektiv olub.

Belə ki, “Huawei” və “China Mobile” şirkətləri yeni standartın təcili yardım texnikasında istifadəsinin faydasını əyani şəkildə nümayiş etdiriblər. Pasiyent təcili yardım maşınında olan zaman “5G” sayəsində növbətçi mütəxəssis qan analizi, elektrokardioqram və ultrasəs müayinəsi daxil olmaqla, bir neçə analiz edə bilər. Bütün bu müayinələr maksimum tez həyata keçirilir və əldə olunan məlumatlar real vaxt rejimində dərhal xəstənin getdiyi xəstəxanaya göndərilir.

Pasiyent tibb müəssisəsinə gəldikdən sonra həkimlər onun vəziyyəti barədə tam təsəvvürə malik olurlar. Xəstəyə təcili cərrahi müdaxilə tələb olunan zaman məlumatın ötürülmə sürəti kritik həddə çata bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.