Roskosmos eyni anda iki kosmik aparatdan informasiyanın qəbulu üzrə eksperiment həyata keçirib

16 Avqust 2019 - 11:44 | Mühüm hadisələr
Roskosmos eyni anda iki kosmik aparatdan informasiyanın qəbulu üzrə eksperiment həyata keçirib

Rusiyanın Kosmik Fəaliyyət üzrə Dövlət Korporasiyası (Roskosmos) eyni anda iki kosmik aparatdan informasiyanın qəbulu üzrə uğurlu eksperiment həyata keçirib.

Söhbət eyni vaxtda bir neçə kosmik aparatdan məlumatların qəbuluna imkan verən “Multiple Spacecraft Per Aperture” (MSPA) texnologiyasının tətbiqindən gedir.

3dnews.ru saytının verdiyi məlumata görə, eksperiment zamanı informasiya ExoMars-2016 missiyasının TGO (Trace Gas Orbiter) orbital modulu və Avropanın Mars Express kosmik aparatından daxil olub. Hər iki peyk Qırmızı planetin tədqiqi ilə məşğuldur.

İki peykdən ötürülən göstəriciləri eyni anda qəbul etmək məqsədilə Rusiya elmi informasiya qəbulu kompleksi də eksperimentə cəlb olunub.

Aparılan sınaq işləri göstərib ki, Rusiyanın yerüstü infrastrukturunda əlavə təkmilləşdirmə işləri aparmadan, eyni anda bir neçə peykdən informasiyanı uğurlu şəkildə qəbul etmək mümkündür.

Mütəxəssislərin sözlərinə görə, Marsda tədqiqatların aparılmasına artan marağın fonunda belə bir üsuldan istifadə etmək çox mühümdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.