Təyyarə mühərriklərində təhlükəli predmetlərin axtarışı üçün mobil proqram yaradılıb

15 Avqust 2019 - 15:47 | Texnoloji yeniliklər
Təyyarə mühərriklərində təhlükəli predmetlərin axtarışı üçün mobil proqram yaradılıb

“Rolls-Royce” şirkətinin hərbi təyyarələr üçün mühərriklərin tədarükü ilə məşğul olan “Defence Aerospace” bölməsi təyyarə mühərriklərinə zibillərin düşməsi ilə bağlı problemin həlli üçün yeni mobil proqram hazırlayıb.

popmech.ru saytının məlumatında bildirilir ki, mobil proqram üçün sifariş ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi hava sistemləri komandanlığı tərəfindən verilib. Artıq aviasiya bölməsinin hər bir əməkdaşı mobil proqram sayəsində bu və ya digər obyektin təyyarə üçün təhlükəli olub-olmadığını müəyyənləşdirə biləcək.

Bildirilir ki, şübhəli obyekt smartfon kamerası vasitəsilə skan edildikdən sonra onun təxmini ölçüləri müəyyənləşdirilir və əldə edilən məlumatlar GPS koordinatları ilə birgə analiz üçün mərkəzi məlumat bazasına göndərilir. Mütəxəssislər informasiyanı öyrəndikdən sonra onlayn rejimdə konkret zibilin mühərrik üçün təhlükə yaradıb-yaratmadığı barədə məlumat verirlər.

Yeni proqram “Rolls-Royce Defence Aerospace” bölməsi tərəfindən müştərilərə təqdim edilən ilk rəqəmsal servis olacaq. ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndələri ümid edirlər ki, bu həllin tətbiqi təyyarə mühərriklərinə kənar predmetlərin düşməsi səbəbindən onların təmiri üçün xərcləri azaltmağa imkan verəcək. ABŞ hərbi dəniz aviasiyası belə nasazlıqların aradan qaldırılması üçün hər il 100 milyon dollar sərf edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.