İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələri hesabat verir

17 Sentyabr 2014 - 11:54 | Konfranslar, İclaslar
İnformasiya Texnologiyaları İnstitutunun  struktur bölmələri hesabat verir

Məlumdur ki, ölkə başçısı İlham Əliyevin Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi məqsədilə son zamanlar AMEA-da məqsədyönlü islahatlar aparılır. AMEA informasiya Texnologiyaları İnstitutu da bu islahatların ön sıralarında irəliləyərək ölkədə İKT-nin inkişafı istiqamətində mühüm layihələr həyata keçirir. İnstitutda elmi fəaliyyətin və kadr potensialının gücləndirilməsi, Azərbaycan alimlərinin dünya elminə inteqrasiyası, qabaqcıl texnologiyaların ölkəmizə transformasiyası qurumun başlıca hədəflərindəndir.

AMEA Rəyasət Heyətində İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələrinin fəaliyyətinin daha səmərəli təşkili məqsədilə hesabatlar təqdim olunur. Hesabatlarda 2015-ci ildə araşdırılacaq elmi problemlər müzakirə olunur, kadr potensialının artırılması, elmi fəaliyyətin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılır,  şöbələrin fəaliyyəti qiymətləndirilir.

İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev də bu məqsədlə rəhbərlik etdiyi şöbənin hesabatını təqdim edərək öncə elmi-tədqiqat işləri haqqında məlumat verib. E-dövlətin informasiya təhlükəsizliyinin situasiya idarəetməsi üçün konseptual modelin işləndiyini, milli kibertəhlükəsizlik strategiyalarının işlənilməsi sahəsində ən yaxşı təcrübənin aşkarlanması məqsədi ilə mövcud milli kibertəhlükəsizlik strategiyalarının müqayisəli analiz edildiyini, internet trafikində trendlərin aşkar edilməsi üçün ardıcıl şablonların aşkarlanması alqoritminin istifadəsi əsasında üsul təklif olunduğunu bildirib.

Şöbənin elmi-innovasiya fəaliyyətinə dair məlumatları diqqətə çatdıran məruzəçi AzScienceNet-in Monitorinq və Təhlükəsizlik Xidməti və AzScienceCERT üzrə bir sıra mühüm işlərin yerinə yetirildiyini nəzərə çatdırıb, təqdim olunmuş qrant layihələrdən söz açıb.

Y.İmamverdiyev, həmçinin elmi-pedaqoji fəaliyyət, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin nəşri və şöbənin beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində gördüyü işlər haqda ətraflı məlumat verib.

Şöbənin hesabatı qənaətbəxş hesab olunub, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.