Sürücüsüz avtobuslar istifadəyə verilib

18 İyul 2019 - 11:00 | Maraqlı məlumatlar
Sürücüsüz avtobuslar istifadəyə verilib

Avstraliyanın Yeni Cənubi Uels ştatının rəhbərliyi Kofs-Harbor şəhərində sürücüsüz ictimai nəqliyyatın real şəraitdə fəaliyyət göstərməsi üçün “BusBot” proqramının ikinci sınaq mərhələsini işə salıb. “EasyMile” şirkətinin “EZ10” modelinin robotu öncə liman boyunca istirahət edən insanları daşıyıb. Uğurlu keçən sınağın nəticəsindən sonra onlara “Marian Grove Retirement Village” kənd sanatoriyasındakı yaşlıları daşımaq etibar edilib.

techcult.ru saytının məlumatına əsasən, “Via” ictimai nəqliyyat xidməti tərəfindən smartfon üçün hazırlanmış sadə proqram vasitəsilə sürücüsüz avtobus çağırmaq mümkündür. Bunun üçün hər bir sərnişin proqramda göstərilən avtobus dayanacağına getməlidir. Kənd ərazisində hərəkət edən avtobusa minmə və düşmə dayanacaqlarda həyata keçirilir.

“BusBot” konsepsiyası, həmçinin sürücüsüz nəqliyyat vasitəsinin kollektiv, ictimai xidmət göstərməsini də nəzərdə tutur. Sistem boş yerlərin mövcudluğunu izləyir, bütün sərnişinləri qısa müddətə daşımaq üçün hərəkət marşrutu qurur.

Sürücüsüz avtobusun ikinci sınaq mərhələsi təxminən 22 həftə davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.