Süni intellekt qrip əleyhinə vaksin hazırlayıb

17 İyul 2019 - 11:30 | Maraqlı məlumatlar
Süni intellekt qrip əleyhinə vaksin hazırlayıb

Flinders Universitetindən olan bir qrup Avstraliyalı alim çox sayda molekulların analizi üçün nəzərdə tutulan SAM (Security Account Manager) süni intellektindən istifadə edib. Birinci mərhələdə alqoritmə insanın immun sistemini aktivləşdirən maddələr haqqında məlumatlar yüklənib. Fəaliyyətdə olan əlaqələri fəaliyyətdə olmayanlardan ayırmaq süni intellektin əsas vəzifəsi olub.

hightech.plus saytının məlumatına əsasən, daha sonra tədqiqatçılar trilyonlarla mümkün molekuldan məlumat bazasını sintez edən digər proqramı işə salıblar. Əldə olunan massiv analiz üçün SAM-a ötürülüb. Alqoritm bu informasiyanı “ələyib” təklif edilən birləşmələr arasından insan üçün ən yaxşı immun preparatlarını seçib. Seçilən molekullar laboratoriyada sintez edilib. Daha sonra onlar insan və heyvanların qan hüceyrələrində sınaqdan keçirilib.

Ekperiment göstərib ki, SAM-ın təklif etdiyi birləşmələr qrip əleyhinə vaksinin effektivliyini hazırkı analoqları ilə müqayisədə artırır. Tədqiqatçılar yaxın zamanda yeni vaksinin insanlar üzərində səmərəliliyini təsdiq etməyi planlaşdırırlar.

Müəlliflərin sözlərinə görə, bu alqoritmlərdən istifadə maliyyə xərclərinə qənaət etməyə, eləcə də bir neçə onillik ərzində dərmanların hazırlamasına ayrılan zamanı azaltmağa imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.