Cadillac avtomobilləri avtomatik idarəetmə funksiyası ilə təchiz ediləcək

15 Sentyabr 2014 - 11:40 | Texnoloji yeniliklər
Cadillac avtomobilləri avtomatik idarəetmə funksiyası ilə təchiz ediləcək

Qonşu avtomobilləri izləmə sistemi təhlükəsizlik səviyyəsini yüksəldəcək

"General Motors" şirkəti Cadillac avtomobillərinin 2017-ci il modellərində Super Cruise funksiyasını reallaşdırmaq niyyətindədir. Bu funksiya avtomobilin hərəkəti zamanı əllərin köməyi olmadan idarəetmə, avtomatik əyləc və sürət tənzimləyicisini təmin edəcək.

"Computerworld" jurnalının məlumatına görə, Super Cruise funksiyası şəhər mühitində intensiv hərəkət zamanı və uzaq səfərlərə çıxarkən sürücülərə kömək üçün nəzərdə tutulmuşdur. Bu hallarda insan sükandan əllərini tamamilə çəkə biləcək.

"Super Cruise-in sizə zamanı gəldikdə lazımi xəbərdarlıqları edəcəyinə şübhəniz olmasın. Əgər avtomobili özünüz idarə etmək qərarına gəlsəniz, bundan zövq alacaqsınız" - GM-un baş direktoru Meri Barra ABŞ-ın Detroyt şəhərində keçirilən Intelligent Transportation Society of America konfransında çıxışı zamanı belə deyib.

2017-ci ildə Cadillac CTS avtomobillərinin sedan növləri V2V (vehicle-to-vehicle) - avtomobillər arasında qarşılıqlı təsir texnologiyasını dəstəkləyəcək.  Bu texnologiya bir-birinə bilavasitə yaxın olan avtomobillər arasında məlumat mübadiləsini təmin edəcək. Onların sürəti, vəziyyəti və hərəkət istiqamətlərini nəzərə alaraq, sürücülərə toqquşma təhklükəsi haqda xəbər verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.