İyulun 9-da AMEA Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) büro iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidentləri, akademiklər İradə Hüseynova, Rasim Əliquliyev, FRTEB-in akademik-katibi, akademik Nazim Məmmədov, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, Azərbaycan Tibb Universitetinin, həmçinin Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) bir sıra alimləri iştirak ediblər.
İclası bölmənin akademik-katibi, akademik Nazim Məmmədov açaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb. Multidissiplinar elmi nəticələrin əldə edilməsi baxımından tədbirin əhəmiyyətini vurğulayan akademik son dövrlərdə AMEA-da multidissiplinar elmi problemlərin geniş müzakirə olunması və Akademiya ilə ölkənin müxtəlif elmi qurumları arasında birgə araşdırmaların aparılmasına xüsusi diqqət ayırdığına görə AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə təşəkkür edib.
Sonra Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov “Ağ ciyər karsinoması və neyrodegenerativ amiloid xəstəliklərinin multidistiplinar tədqiqi: nəticələr, proqnozlar və gələcək istiqamətlər” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, onkoloji və neyrodegenerativ (Alzeymer, Parkinson və s.) xəstəliklərin tədqiqi müasir biotibbin ən prioritet istiqamətlərindəndir. Məruzəçi bu xəstəliklərin hər birində genetik, epigenetik, ətraf mühit, oksidativ stress və s. faktorların mühüm rol oynadığını bildirərək bu multi-faktorlu xəstəliklərin yaratdığı problemlərin araşdırılması və onların həllində innovativ, multidissiplinar yanaşmaların tətbiq edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
O.Qasımov AMEA-nın Biofizika İnstitutu və AR Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin alimləri tərəfindən yaradılan süni intellekt texnologiyalarının tətbiqi ilə ağ ciyər karsinoması xəstəliyinin proqnozu üzrə tədqiqat işlərinin nəticələrindən danışıb. Bildirib ki, yaradılan intellektual sistem sağlam insanları 80%-ə qədər, ağ ciyər karsinoması xəstələrini isə 90%-ə qədər dəqiqliklə təyin etmək imkanına malikdir.
Onun sözlərinə görə, inteqrativ bioloji yanaşma əsasında xərçəng hüceyrələrinin yaranmasına səbəb olan prinsipial genetik faktorların təyini və dəqiqləşdirilməsi, xərçəng xəstəliyinin gedişatının riyazi modelləşdirilməsi, proqnozlaşdırılması və müvafiq diaqnostika sistemlərinin yaradılması üzrə işlər aparılmışdır. Həmçinin xərçəng xəstəliyi ilə bağlılığı məlum olan yaxud güman edilən genlərin genomda təşkil və transkripsiya səviyyəsində ekspressiyası xüsusiyyətləri də bioinformatik üsullarla araşdırılmışdır.
Daha sonra məruzəyə dair müzakirələr aparılıb. Akademiklər Rasim Əliquliyev, İradə Hüseynova, Nazim Məmmədov, Cavad Abdinov, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Bilal Bilalov, professor Eldar Qasımov və digər alimlər çıxış edərək xərçəng hüceyrələrinin araşdırılması və xəstəliyin müalicəsində süni intellekt metodlarının tətbiqi, həmçinin bu sahədə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıblar.
Daha sonra FRTEB bürosunun gündəliyində olan digər məsələlər, o cümlədən, ARDNŞ-ın Elm Fondu tərəfindən maliyyələşdirilən qrant layihələri çərçivəsində əldə olunmuş nəticələr müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.