AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin 2019-cu il üzrə yarım illik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova süni intellekt və sosioinformasiya texnologiyaları problemləri istiqamətində elektron tibb mühitində qərarların qəbul olunmasını dəstəkləyən model və metodların işlənilməsi üzrə tədqiqatların aparıldığını qeyd etdi.
Şöbə müdiri bu mövzu çərçivəsində əhalinin sağlamlığına təsir edən amillərin müəyyənləşdirilməsi və onların ölkənin tibbi-demoqrafik proseslər ilə əlaqəsinin təyin edilməsi, ölkənin tibbi təhlükəsizliyi infrastrukturunda ərazi-paylanmış tibbi-demoqrafik göstəricilərin təhlili və onların intellektual idarə olunması üçün sağlamlığa təsir edən amillərlə səbəb-nəticə əlaqələrinin aşkarlanması, eləcə də opinion mining texnologiyaları əsasında tibbi sosial şəbəkələrdə sentiment analizin aparılması istiqamətində bir sıra elmi nəticələrin əldə olunduğunu diqqətə çatdırdı. Məruzəçi çıxışına davam edərək IoT-dan istifadə etməklə yüksək riskli obyektlərdə işçilərin fiziki vəziyyətinin parametrlərini daimi izləyən intellektual monitorinq sisteminin metodoloji əsaslarının işlənməsi mövzusu üzrə görülən işlərdən danışdı və bildirdi ki, bu mövzu üzrə işçilərin fiziki vəziyyətinin iyerarxik intellektual monitorinq sisteminin arxitektur prinsipləri işlənilib, intellektual monitorinq sisteminin iyerarxiya səviyyələri üzrə işçilərin fiziki vəziyyətinin qiymətləndirilməsi məsələlərinin müəyyənləşdirilməsi və modelləşdirilməsi, psixofizioloji monitorinqin nəticələrinə görə işçinin fiziki vəziyyətinin qiymətləndirilməsi metodları tədqiq olunub.
M.Məmmədova bildirdi ki, ölkə səviyyəsində fərdi tibbi məlumatlar infrastrukturunun formalaşdırılması və intellektual analizi üçün metod və alqoritmlər, eləcə də informasiya cəmiyyətinin tibbi kadrların formalaşmasına təsiri modelləri, e-dövlət şəraitində e-vətəndaşların formalaşdırılması modellərinin işlənməsi yarım il ərzində həyata keçirilən elmi-tədqiqat işləri sırasındadır.
Onun sözlərinə görə, insan resurslarının idarə olunması qərarlarının qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsasları, əmək bazarında İT-mütəxəssislərə tələb və təklifin intellektual idarə olunması, elektron universitetin fəaliyyət konsepsiyası, model və metodların işlənilməsi istiqamətində yüksək nəticələr əldə olunub.
Sonra şöbə müdiri elmi-innovasiya fəaliyyəti ilə bağlı görülən işlərdən söz açdı. Qeyd etdi ki, hər il olduğu kimi, bu il də jurnallardan göndərilmiş məqalələrə rəylər hazırlanır, dissertasiya və avtoreferatların elmi ekspertizası, şöbə əməkdaşlarının elmi fəaliyyəti haqqında məlumatlar “Vikipediya”da yerləşdirilir.
M.Məmmədovanın sözlərinə görə, cari ildə şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli elmi konfranslarda iştirakı, nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda elmi məqalələrin nəşri, həmçinin şöbədə elmi-pedaqoji və elmi təşkilati fəaliyyət, beynəlxalq elmi əməkdaşlıq, elmi-praktiki nəticələrin KİV-də təbliği çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Qeyd etdi ki, Azərbaycan və ingilis dillərində “Elektron tibb: formalaşması və elmi nəzəri problemlər” adlı kitab çap olunub, “İT-mütəxəssislər əmək bazarının intellektual idarə olunması” adlı monoqrafiya isə rus dilində nəşr olunub.
Sonda şöbənin hesabatına dair müzakirələr aparıldı. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək plan üzrə təkliflərin nəzərə alınmasını və şöbənin elmi potensialının gücləndirilməsini tövsiyə etdi. Alim e-tibbin çoxaspektli problemlərinin həlli ilə bağlı elmi araşdırmaların davam etdirilməsinin zəruriliyini vurğuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.