İyulun 4-də AMEA Rəyasət Heyətində Litvanın LITNET akademik və tədqiqat şəbəkəsinin mütəxəssisləri – Eimantas Serpenskas, Vilius Palubinskas və Justas Umbrasas ilə görüş keçirildi. Görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, Data Mərkəzin administratorları texnika üzrə fəlsəfə doktoru, dosent Babək Nəbiyev və Tural Mustafayev iştirak edirdilər.
Akademik Rasim Əliquliyev qonaqları salamlayaraq rəhbərlik etdiyi institutun fəaliyyət istiqamətləri haqqında məlumat verdi, qurumda Big Data analitika, kibertəhlükəsizlik, proqram mühəndisliyi, elektron elm, informasiya iqtisadiyyatı, sosial şəbəkələrin analizi və digər istiqamətlərdə elmi tədqiqatların innovativ tələblərə uyğun aparıldığını qeyd etdi.
İnstitutun AzScienceNet elm kompüter şəbəkəsinin ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyən akademik R.Əliquliyev bildirdi ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanlarına malikdir. Alim Data Mərkəzdə göstərilən xidmətlərdən bəhs edərək burada hesablama və yaddaş resurslarından istifadə etməklə mürəkkəb məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemlərinin mövcud olduğunu vurğuladı.
Görüşdə LITNET şəbəkəsinin mütəxəssisləri E.Serpenskas, V.Palubinskas və J.Umbrasas tərəfindən AzScienceNet şəbəkəsinin əməkdaşları üçün “İdentifikasiya federasiyasının qurulması və inkişaf etdirilməsi” mövzusunda keçirilən treninqlər haqqında məlumat verildi. Bildirildi ki, treninqdə standartlar, həllər və arxitekturlara dair əsaslar tədris olunmuş, müvafiq proqram təminatı və arxitekturun seçilməsi, yerli federasiyaların qurulması, EduGAIN xidmətinə qoşulma, fileSENDER xidmətinin yaradılması və EduRoam xidmətinin yenidən qurulmasına dəstək göstərilib. Bu treninqlər Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşdırılan “EaPConnect” layihəsi çərçivəsində və GEANT Assosiasiyasının dəstəyi ilə həyata keçirilib.
Sonra çıxış edən Eimantas Serpenskas Azərbaycana səfərləri çərçivəsində təəssüratlarını bölüşdü. Ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edən qonaq institutda yaradılmış innovativ şəraiti yüksək qiymətləndirdi, AzScienceNet şəbəkəsinin geniş imkanlara malik olduğunu bildirdi. Qonaq fəaliyyət göstərdiyi LITNET şəbəkəsi haqqında məlumat verərək GEANT Assosiasiyasının üzvü olan şəbəkənin altı texniki mərkəzdən ibarət olduğunu vurğuladı. O, LITNET-in hər zaman İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığa maraqlı olduğunu ifadə etdi.
Sonda AzScienceNet şəbəkəsinin imkanlarının genişləndirilməsi, institut əməkdaşlarının LITNET akademik və tədqiqat şəbəkəsi tərəfindən təşkil olunan təlimlərdə mütəmadi olaraq iştirakının təmin olunması istiqamətində müzakirələr aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.