AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin müdiri Mədinə Səidova rəhbərlik etdiyi şöbənin 2019-cu il üzrə 6 aylıq hesabatını təqdim etdi. M.Səidova şöbədə aparılan elmi-tədqiqat işlərindən söz açaraq elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, elmi təşkilatların, tədqiqatçıların fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi üçün metodlar işlənilir.
M.Səidova antiplagiat sistemlərinin analizi və milli antiplagiat sisteminin yaradılması konsepsiyasının işlənildiyini bildirdi. Məruzəçi antiplagiat sistemlərinin iş prinsiplərinin öyrənildiyini, İnternet mühitində mövcud “yırtıcı nəşriyyat” və “oğurlanmış jurnal”ların aşkarlanması və onlardan qorunmaq üçün tövsiyələrin işlənildiyini, plagiatlıqla mübarizə üsulları, Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yollarının, araşdırıldığını diqqətə çatdırdı. Bildirdi ki, bununla yanaşı e-dövlət mühitində Azərbaycan dilinə dair bəzi xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması, Azərbaycan dilinin öyrədilməsi və qiymətləndirilməsinin mövcud vəziyyətinin tədqiqi, bu istiqamətdə xarici təcrübənin araşdırılması istiqamətində tədqiqatlar həyata keçirilib.
Məruzəçi şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, sistemləşdirilməsi və yayılması ilə əlaqədar bir sıra tədbirlərin həyata keçirildiyini bildirdi. Həmçinin beynəlxalq elmi-texniki cəmiyyətlərə üzvlüklə əlaqədar işlərin davam etdirildiyini vurğuladı.
Sonra şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən danışan M.Səidova Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzvlüklə əlaqədar işlərin aparıldığını və Konsorsiumunun müxtəlif tədbirlərində iştirak edildiyini, Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi ilə bağlı işlərin aparılması və müşaiyəti ilə əlaqədar əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirdi.
O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülən işlərdən bəhs etdi.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Aparılan elmi araşdırmaların vacib problemləri əhatə etdiyini qeyd edərək tədqiqatların davam etdirilməsinin zərurliyini vurğuladı.
Hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.