“Theranos” startapının təsisçisi Elizabet Holms və onun keçmiş birinci müavini Rameş “Sanni” Balvani dələduzluq və investorların aldadılması ittihamı ilə əlaqədar məhkəmə kürsüsünə çıxmalıdırlar. Məhkəmə prosesi 2020-ci ilin avqust ayında başlanacaq.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Holms və Balvani tibbi startap üçün investisiyanın cəlb edilməsi məqsədilə fırıldaqçı sxemlərdən istifadə ediblər. Onlar qan analizinin dəqiqliyini dəfələrlə yüksəltməyə və tədqiqatların sürətini artırmağa imkan verən inqilabi texnologiyaları yaratmağa söz veriblər. Bununla yanaşı, az miqdarda bioloji material tələb olunurdu. Lakin bütün bəyanatların yalan olduğu aşkarlandı.
meddaily.ru saytının məlumatına görə, dələduzluq faktı ilə bağlı ittihamlar hələ ötən il irəli sürülmüşdü. O zaman müttəhimlər təqsirkar olmadıqlarını bildirmişdilər. İş yalnız Holmsun cəlb etdiyi böyük investisiyalara (700 milyon dollardan çox vəsait) görə rezonans doğurmur. Populyarlığın zirvəsində şirkətin dəyəri 10 milyard dollarla qiymətləndirilirdi.
Məsələ ondadır ki, şirkətin təsisçisi, Stendford Universitetinin məzunu Elizabet Holms “Theranos” layihəsinə 19 yaşında start verib. 2015-ci ildə “Forbes” jurnalı Holmsu öz sərvətini müstəqil şəkildə qazanmış ən gənc qadın milyarder kimi tanıyıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.