Akademik Rasim Əliquliyev: “Arxeoloji informatika sahəsində multidissiplinar tədqiqatlar aparılmalıdır”

28 İyun 2019 - 09:27 | Mühüm hadisələr

Bu fikri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin iclasında “Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda aparılan müzakirələrdə çıxışı zamanı səsləndirib. O, arxeologiya sahəsində çalışan alim və mütəxəssislərin çətin və gərgin iş şəraitində fəaliyyət göstərdiklərini qeyd edərək, Azərbaycanın müxtəlif bölgələrində aparılan arxeoloji tədqiqatları, əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

Akademik Rasim Əliquliyevin sözlərinə görə, Azərbaycan arxeologiyasının dünya arxeologiya elminin tərkib hissəsinə çevrilməsi, bu sahədə fəaliyyət göstərən alimlərimizin apardıqları elmi tədqiqatların dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarda öz əksini tapması üçün yeni təhsil standartları işlənilməlidir: “Arxeologiya sahəsində keyfiyyətli təhsil proqramlarının hazırlanması üçün müvafiq qurumlara müraciət etmək, bu sahədə müasir dövrün çağırışlarına uyğun, yüksəkixtisaslı kadrlar yetişdirmək lazımdır”.

Dünya arxeologiya elmində rəqəmsal arxeologiya, virtual arxeologiya kimi tədqiqatların vüsət aldığını deyən alim AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda da bu istiqamətdə araşdırmaların aparılmasının vacibliyini qeyd edib. O, arxeoloji tədqiqatlar zamanı informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadənin son dərəcə zəruri olduğunu diqqətə çatdırıb. 

R.Əliquliyev dünyanın inkişaf etmiş ölkələrində arxeologiya elminin dəqiq elmlərin tədqiqat obyekti olduğunu söyləyərək, bu elm sahəsi üzrə bakalavr və magistratura pillələrində tədrisin həyata keçirildiyini bildirib. Alim AMEA-da da arxeoloji informatika üzrə magistratura pilləsinin təşkilinin vacibliyini qeyd edib. Arxeologiya və Etnoqrafiya İnstitutunda Arxeoloji informatika şöbəsinin yaradılmasının, burada multidissiplinar tədqiqatların aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb. O, bu kimi tədbirlərin həyata keçirilməsində lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.