Fraktal qrafika elementlərinin müasir memarlıqda və inşaatda istifadəsinə dair məruzə dinlənildi

21 İyun 2019 - 11:25 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin növbəti seminarı keçirildi. Seminarda şöbə müdiri Anar Səmidov “Fraktal qrafikanın elementləri, onların müasir memarlıqda və inşaatda istifadəsi” mövzusunda məruzə ilə çıxış edərək “fraktal” sözünün latın dilində olan “fractus” sözündən götürüldüyünü, “fraqmentlərdən ibarət olan” kimi tərcümə olunduğunu qeyd etdi. Bildirdi ki, bu termin riyaziyyata 1975-ci ildə Benua Mandelbrot tərəfindən daxil edilmişdir.

Məruzəçi müasir texnologiyaların sürətli inkişafının arxitektur layihələşdirilməsinin yeni metodlarının yaranmasına imkan yaratdığını bildirərək qeyd etdi ki, strukturların layihələndirilməsi zamanı fraktaldan istifadə obyektin harmonik bir forma almasına kömək edir.

Fraktal memarlığın təbiət və insan tərəfindən yaradılmış növlərinə rast gəlindiyini qeyd edən A.Səmidov memarlıq abidələrinin şüurlu şəkildə yaradılmış fraktal memarlıq nümunələrindən olduğunu vurğuladı.

Onun sözlərinə görə, təcrübələr göstərir ki, memarlar memarlıqda fraktalın vacibliyini  anlayır və onu yalnız intuitiv deyil, eyni zamanda şüurlu şəkildə əldə etməyin mümkün olduğunu sübut edir. Məruzəçi təbii fraktallardan bəhs edərək bildirdi ki, fərdi tikililərlə yanaşı, küçələr, onlara birləşmiş məhəllələr və digər şəhər əraziləri vahid vəhdət təşkil edir.

Memarlıq və onun bir sıra təzahürlərində təbiətin forma, struktur, rənglərin kombinasiyasının əks olunduğunu deyən A.Səmidov qeyd etdi ki, memarlığın formalaşmasında təbiət qanunlarının təkrarlanması sələflərimizin intuitiv səviyyədə fraktal tikililər və strukturlar yaratmasına imkan yaratmışdır: “Fraktallar özlərini təbiətin dilində ifadə edir, formalaşma prinsipləri isə memarlığa dərindən nüfuz edir. Strukturuna görə özünəbənzər və qeyri-müntəzəm olan ağaclar təbiətin ən yaxşı fraktal nümunələrindən biridir”.

Məruzəçinin sözlərinə görə, bitki formalarına memarlığın ən erkən nümunələrində əhəmiyyətli dekorativ elementlərdən biri kimi baxmaq olar, xüsusilə Misir saraylarının və ehramların bəzəklərində bunu açıq şəkildə görmək mümkündür. Görkəmli dekorativ elementlər kimi ağac və bitkilərin istifadəsinə qədim dövrlərdə (miladdan əvvəl 500-400 il) Yunanıstan və Roma sütunlarında da rast gəlindiyini söyləyən A.Səmidov bu dövr ərzində əsas diqqətin memarlıq naxışlarının zənginləşdirilməsi üçün ağacların və bitkilərin mürəkkəb formalarının hazırlanmasına ayrıldığını nəzərə çatdırdı.

A.Səmidov qeyd etdi ki, 1887-1889-cu illər ərzində Qustavo Eyfelin şirkəti tərəfindən inşa edilmiş Eyfel qülləsi fraktallara xas olan özünə bənzər həndəsi elementlərdən ibarətdir. O, həmçinin Moskvada Vasili Blajennı məbədi, Kreml, London körpüsü, Müqəddəs Ailə kilsəsi, Paris opera binası, Moskvada yerləşən Tarix Muzeyi, Vatikanın Müqəddəs Pyotr kilsəsi, İspaniyanın Bilbao şəhərində Solomon Quqqenhaym muzeyində və s. fraktal qrafika elementlərinə rast gəlindiyini vurğuladı.

Məruzəçi sonda qeyd etdi ki, təbii fraktallar şəhər mühitinin memarlıq təsəvvürünə təsir göstərir. Fraktal nəzəriyyəsi və şəhərsalma infrastrukturunun sonradan modelləşdirilməsi artıq şəhər planlaşdırılması təcrübəsində geniş istifadə olunur. O, bildirdi ki, şəhərin memarlığının layihələndirilməsinin mövcud metodlarının analizi şəhər konsepsiyalarının inkişafını təmin edəcək.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.