AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “LoRaWAN” simsiz şəbəkə texnologiyasının mövcud vəziyyətinin müzakirəsinə həsr olunduğunu bildirdi.
Məruzəni təqdim edən institutun proqramçısı Təbriz Ağaşov “LoRaWAN” (Low Power Wide Area Network) texnologiyasının imkanları barədə məlumat verdi. Bildirdi ki, o aşağı güclü ötürücülərdən istifadə etməklə uzaq məsafədən radio əlaqə yaradan unikal texnologiyadır.
T.Ağaşov ağıllı cihazlar və Əşyaların İnterneti cihazlarının bir-biri ilə ünsiyyət qurmasına imkan verən “LoRaWAN” protokolunun çox az enerji ilə işləmək üçün optimallaşdırıldığını qeyd etdi.
Məruzəçi “LoRaWAN” şəbəkəsinin işləmə mexanizmi və arxitekturası, eləcə də onun Əşyaların İnternetindəki rolu barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, aşağı səviyyəli enerji sərfiyyatı, sensorların ucuz olması, adi mobil əlaqənin mövcud olmadığı yerlərdə radio əlaqənin mümkünlüyü, şəbəkə və istifadəçi qurğularının ikitərəfli kanalla işləmə imkanı və geniş əhatə dairəsinə malik olması “LoRa” şəbəkəsinin əsas üstünlükləridir.
Bu şəbəkə texnologiyasının mənzil-tikinti, kənd təsərrüfatı, istehsalat və telemetriya kimi sahələrdə geniş tətbiq olunduğunu söyləyən məruzəçi onun geniş (İnternetli) və lokal (İnternetsiz) “LoRaWAN” kimi növlərinin olduğunu qeyd etdi.
Sonda T.Ağaşov “LoRa” qurğuları, onun baza stansiyaları, şəhər və şəhərdən kənarda “LoRaWAN” şəbəkəsinin yoxlanılmasına dair keçirilən sınaq testləri haqqında məlumatı diqqətə çatdırdı.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.