3D texnologiyalarının təhsildə tətbiqi məsələləri tədqiq olunur

10 İyun 2019 - 11:53 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin növbəti seminarı keçirildi. Şöbənin baş mütəxəssisi Zülfiyyə Hənifəyeva “3D texnologiyalarının təhsildə tətbiqi” mövzusunda məruzə ilə çıxış edərək 3D texnologiyalarının təhsildə tətbiqinin üstünlüklərindən danışdı.

O, 3D dərslərin imkanlarından bəhs edərək bu dərsliklərin uşaqları daha çox cəlb etdiyini, mücərrəd mövzuların əksəriyyətinin tələbələr üçün daha əlverişli olduğunu və kompleks ideyaların daha asanlıqla anlaşıldığını bildirdi, təhsildə 3D eynək, 3D qələm, virtual reallıq cıhazı, 3D printer kimi alətlərdən istifadə olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, aparılan sınaqlar zamanı 3D texnologiyalarından istifadə ilə keçirilən dərslərdə şagirdlər tədris olunan mövzunu digər dərslərə nisbətən 35 faiz daha çox dərk ediblər.

Təhsildə 3D-printerlərdən istifadənin faydalarından söz açan məruzəçi uşaqların 3D-printerlər vasitəsilə lazımi qurğuları əyani görə və ona toxuna bildiklərini, bu texnologiyanın onlarda kreativliyin yaranmasına səbəb olduğunu, dərsləri daha yaddaqalan və maraqlı etdiyini vurğuladı.

Z.Hənifəyeva, həmçinin 3D-çapın riyaziyyat, coğrafiya, biologiya, fizika, kimya, incəsənət, robot sənayesi və digər sahələrdə tətbiqi üzrə nümunələr təqdim etdi, təhsildə bu texnologiyanın tətbiqinə dair videoçarxlar nümayiş etdirdi.

Məruzə ətrafında müzakirələr aparıldı, məruzəçi seminar iştirakçılarının suallarını cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.